IMG-LOGO

İsti havada su əvəzinə süd için

25 Jun 2026 11:11 5 baxış
IMG
8 0

Yay istisində insanlar susuzlaşmanın qarşısını almaq üçün adətən su içirlər. Lakin britaniyalı həkim Natasa Fernando bildirib ki, orqanizmi nəmləndirmək baxımından sudan daha təsirli ola bilən içki də var.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, həkimin sözlərinə görə, süd tərkibindəki şəkər, zülal, yağ və natrium sayəsində mayenin orqanizmdə daha uzun müddət qalmasına kömək edir.

Bu maddələr mədənin boşalma sürətini azaldır və su balansının daha uzun müddət qorunmasını təmin edir. Natasa Fernando qeyd edib ki, soya südü də yaxşı alternativ hesab olunur. Bu içki isti havalarda orqanizmin itirdiyi mayenin bərpası üçün vacib olan elektrolitlərlə zəngindir. Mütəxəssis kokos suyu və xiyar şirəsini də faydalı seçimlər arasında göstərib.

Həkim isti günlərdə su tərkibi yüksək olan meyvə və tərəvəzlərin qəbulunu artırmağı tövsiyə edir. Əksinə, ət məhsulları və karbohidratların miqdarını azaltmaq məsləhət görülür.

Mütəxəssis xatırladıb ki, yay aylarında susuzlaşma əlamətlərinə diqqət yetirmək vacibdir. Güclü susuzluq hissi, sidiyə az getmək, başgicəllənmə və tarazlığın pozulması susuzlaşmanın əsas əlamətləri sayılır. Bundan əlavə, halsızlıq, ağızın, dodaqların və dilin quruması, gözlərin çuxura düşməsi, həmçinin tünd sarı rəngli və kəskin qoxulu sidik də xəbərdaredici siqnallar ola bilər.

Əgər susuzlaşma əlamətləri yaranarsa, həkim maye itkisinin tədricən bərpa edilməsini məsləhət görür. Bunun üçün su və digər mayeləri birdəfəyə çox miqdarda içmək əvəzinə, kiçik qurtumlarla qəbul etmək daha faydalıdır.

su içmək isti hava sağlıq

Mənbə: lent.az

Xəbər lenti