Dünyadakı ən yüksək və ən aşağı orta aylıq əməkhaqqı ayıran ölkələr müəyyənləşib.
Lent.az bu barədə tanınmış analitik onlayn nəşr olan “CEOWORLD”ə istinadla xəbər verir.
Araşdırma ölkələr üzrə bütün vergilər çıxıldıqdan sonra qalan orta aylıq əməkhaqqı göstəricilərinə əsaslanır. Reytinqdə ümumilikdə 197 dövlət yer alıb.
Ən yüksək maaş hansı ölkədədir?
2025-ci ildə vergilər çıxıldıqdan sonra ən yüksək orta aylıq əməkhaqqı İsveçrədə qeydə alınıb. Bu ölkədə rəsmi çalışan vətəndaşların orta aylıq xalis maaşı 8218 ABŞ dolları təşkil edib. İkinci yerdə 6 740 dollarla Lüksemburq, üçüncü yerdə isə 6 562 dollarla ABŞ qərarlaşıb.
İlk onluqda yer alan digər ölkələr bunlardır:
4. İslandiya – 6 548 dollar;
5. Norveç – 5 772 dollar;
6. Danimarka – 5 749 dollar;
7. Kanada – 5 188 dollar;
8. İrlandiya – 4 729 dollar;
9. Niderland – 4 688 dollar;
10. Sinqapur – 4 457 dollar.
Ən aşağı maaş hansı ölkədədir?
Araşdırmaya əsasən, dünyanın ən aşağı orta aylıq əməkhaqqı Fələstində qeydə alınıb. Bu ölkədə insanlar ay ərzində orta hesabla cəmi 104 ABŞ dolları qazanırlar.
Fələstindən sonra ən aşağı maaşların olduğu ölkələr bunlardır:
Lesoto – 131 dollar;
Anqola – 134 dollar;
Malavi – 138 dollar;
Mali – 141 dollar;
Şimali Koreya – 144 dollar;
Mavritaniya – 148 dollar;
Niger – 154 dollar;
Madaqaskar – 154 dollar;
Liberiya – 154 dollar.
Ekspertlər bildirirlər ki, müxtəlif ölkələr üzrə maaşları müqayisə edərkən yalnız nominal gəlirlərə deyil, inflyasiya və alıcılıq qabiliyyətinə də diqqət yetirmək lazımdır. Son illərdə bir çox ölkədə yüksək inflyasiya əhalinin real gəlirlərini azaldıb. Bunun əsas səbəbləri sırasında pandemiya və qlobal tədarük zəncirində yaranan problemlər göstərilir.
Araşdırmada həmçinin vurğulanır ki, Rusiya-Ukrayna müharibəsi, ABŞ və Çin arasında strateji rəqabət, ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları, Yaxın Şərqdə davam edən gərginlik, Hindistan-Çin geosiyasi problemləri və Çin iqtisadiyyatında müşahidə olunan zəifləmə enerji böhranını dərinləşdirərək qlobal iqtisadiyyata mənfi təsir göstərir.
Mütəxəssislərin fikrincə, İsrail-HAMAS münaqişəsinin davam etməsi də dünya iqtisadiyyatındakı mövcud riskləri daha da artıraraq əmək bazarına və gəlirlərə mənfi təsir göstərə bilər.
araşdırma əmək haqqı maaş ən yüksək əmək haqqı ən aşağı əmək haqqı olan ölkələriMənbə: lent.az