Əksər insanlar ildırımın buludlardan yerə çaxdığını düşünür. Lakin meteoroloqlar bildirirlər ki, insan gözünün gördüyü parlaq işıq əslində əks istiqamətdə, yerdən buluda doğru hərəkət edir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti və Ukrayna Milli Elmlər Akademiyasının Hidrometeorologiya İnstitutunun Atmosfer Fizikası şöbəsinin müdiri, coğrafiya elmləri namizədi Vitali Şpiq məlumat verib.
Alimin sözlərinə görə, proses buluddan deyil, mənfi yüklü buludun yerə doğru göndərdiyi, gözlə görünməyən "pilləli lider" adlanan elektrik axını ilə başlayır. Bu elektron axını təxminən saniyədə 150 kilometr sürətlə yerə doğru hərəkət edərək elektrik boşalması üçün yol açır.
Yer müsbət yüklü olduğu üçün buludla qarşılıqlı təsirə girir. "Pilləli lider"in qollarından biri yerə çatdığı anda yerdən buluda doğru son dərəcə güclü əks elektrik axını yaranır. İnsanların ildırım kimi gördüyü parlaq işıq da məhz bu mərhələdə meydana çıxır.
"İnsan gözünün gördüyü boşalma demək olar ki, işıq sürəti ilə hərəkət edir. Lakin görünən işıq buluddan yerə deyil, yerdən buluda doğru gedir. Gördüyümüz ildırım ionların və fotonların əks axınıdır və aşağıdan yuxarı istiqamətdə baş verir", – Vitali Şpiq bildirib.
Mütəxəssis qeyd edib ki, bu güclü elektrik boşalması zamanı cərəyanın gücü yüz minlərlə amperə çata bilir. Nəticədə hava ani şəkildə minlərlə dərəcə qızır, sürətlə genişlənir və bu da göy gurultusunun yaranmasına səbəb olur.
Meteoroloqun sözlərinə görə, ildırımın göydən yerə çaxdığı təəssüratı insan gözünün çox sürətli elektrik proseslərini tam ayırd edə bilməməsi ilə əlaqədardır. Görünən parlaq işıq əslində prosesin son mərhələsidir.
Qeyd edək ki, son günlər Avropanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti müşahidə olunur. İspaniyanın turistlər arasında məşhur olan Xaen şəhərində güclü leysan nəticəsində küçələr su altında qalıb, sel suları avtomobilləri basıb və piyadaların hərəkətini çətinləşdirib.
İldırım göy gurultusu şimşəkMənbə: lent.az