IMG-LOGO

Bethovenin DNT analizi əcdadları ilə bağlı gözlənilməz sirri ortaya çıxardı

22 Jun 2026 14:19 7 baxış
IMG
0 0

Təxminən iki əsr əvvəl vəfat edən dahi alman bəstəkarı Lüdviq van Bethovenin çoxsaylı xəstəliklərinin səbəblərini müəyyənləşdirmək üçün alimlər onun DNT-sini analiz ediblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırma nəticəsində təkcə bəstəkarın sağlamlığı ilə bağlı yeni faktlar deyil, həm də onun nəsil şəcərəsinə dair gözlənilməz həqiqət üzə çıxıb.

Bunun üçün beynəlxalq alimlər qrupu Bethovenə məxsus olduğu təsdiqlənən bir neçə saç nümunəsini analiz edib. Tədqiqatçılar bəstəkarın uzun illər əziyyət çəkdiyi güclü qarın ağrıları, xroniki həzm sistemi problemləri və qaraciyər xəstəliklərinin genetik səbəblərini tapmağa çalışıblar. 

Məlumata görə, tədqiqatın əsas məqsədlərindən biri Bethovendə gənc yaşlarından başlayan və zamanla demək olar ki, tam karlığa səbəb olan eşitmə itkisini yaradan amilləri müəyyənləşdirmək olub. Lakin araşdırma nə eşitmə itkisinin, nə də həzm sistemi pozğunluqlarının dəqiq səbəbini müəyyənləşdirə bilib.

Uzun illər Bethovenin ölümünün qurğuşun zəhərlənməsi ilə əlaqəli olduğu düşünülürdü. Hətta 2007-ci ildə alimlər ona aid hesab edilən bir saç telində yüksək miqdarda qurğuşun aşkar etmişdilər. Ancaq yeni DNT analizi həmin saçın əslində Bethovenə məxsus olmadığını ortaya çıxarıb. Məlum olub ki, nümunə naməlum bir qadına aiddir. Beləliklə, bəstəkarın qurğuşun zəhərlənməsindən öldüyünə dair ən məşhur nəzəriyyələrdən biri elmi əsasını itirib.

Alimlər bu dəfə mənsubiyyəti daha yüksək dəqiqliklə təsdiqlənən saç nümunələrini araşdıraraq Bethovenin orqanizmində hepatit B virusunun izlərini aşkar ediblər. Bundan əlavə, onun qaraciyər xəstəliklərinə genetik meylli olduğu da müəyyən edilib.

Tədqiqatçıların fikrincə, bu amillərin alkoqol istifadəsi ilə birlikdə təsiri bəstəkarın sağlamlığını ciddi şəkildə pisləşdirib və 1827-ci ildə, 56 yaşında vəfat etməsinə səbəb olub. Bununla belə, alimlər hələ də Bethovenin ölümünün dəqiq səbəbini qəti şəkildə müəyyən edə bilmədiklərini vurğulayırlar.

Araşdırmanın ən sensasiyalı nəticəsi isə sağlamlıqla deyil, Bethovenin Y-xromosomunun analizi ilə bağlı olub. Bəstəkarın genetik nümunəsi ata xətti üzrə yaşayan müasir qohumlarının DNT-si ilə müqayisə edilərkən ciddi uyğunsuzluq aşkarlanıb. Bu isə XVI-XVIII əsrlər arasında ailə nəslində nikahdankənar övladın dünyaya gəldiyini və bioloji ata xəttinin dəyişdiyini göstərir.

Alimlərin hesablamalarına görə, bu hadisə təxminən 1570-ci illərdə indiki Belçika ərazisində yaşamış əcdadlardan biri ilə 1770-ci ildə Almaniyanın Bonn şəhərində anadan olan Bethoven arasında baş verib.

Genişmiqyaslı araşdırmaya baxmayaraq, dünya musiqisinin ən böyük dahilərindən biri haqqında bir çox sirr hələ də açılmamış qalır.

Alimlər onun niyə kar olduğunu, hepatit B virusuna necə yoluxduğunu və illərlə davam edən həzm sistemi problemlərinin əsl səbəbini hələ də müəyyən edə bilməyiblər. Bununla belə, tibbi sirləri üzə çıxarmaq məqsədi daşıyan genetik araşdırma gözlənilmədən əsrlər boyu gizli qalmış bir ailə sirrini ortaya çıxarıb.

 

Bethoven DNT genetika hepatit B qaraciyər xəstəliyi karlıq musiqi

Mənbə: lent.az

Xəbər lenti