Çində 32 yaşlı bir kişi beş dəqiqəlik videozəngdən sonra evləndiyi qadına görə peşman olub və boşanmaq istəsə də, hadisə məhkəmə çəkişməsinə çevrilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, toydan cəmi doqquz gün sonra peşman olan kişi boşanmaq qərarına gəlib.
Çinin şərqindəki Çjetszyan əyalətində yaşayan Qu soyadlı kişi ailənin yeganə oğludur. Onun sözlərinə görə, valideynləri ona güclü təzyiq göstərərək tez bir zamanda evlənməsinə səbəb olublar.
Qu yerli evlilik agentliyinə müraciət edərək qeydiyyat üçün 200 yuan (təxminən 30 ABŞ dolları) ödəyib. Əvvəlcə ona yaşadığı bölgədən üç qadın təqdim edilsə də, onların heç biri bu tanışlıqla maraqlanmayıb.
Bundan sonra vasitəçi ona başqa əyalətlərdən namizədlər təklif edib və toyun cəmi bir neçə gün ərzində təşkil oluna biləcəyini bildirib. Kişinin ailəsi də bu təkliflə razılaşıb. Aprel ayında Qu Çinin şimal-qərbində yerləşən Şensi əyalətindən olan 30 yaşlı qadınla tanış edilib.
Qadının profilində onun borcunun, məhkumluğunun, ciddi xəstəliyinin və ya irsi sağlamlıq probleminin olmadığı qeyd olunub. Həmçinin onun "tez bir zamanda evlənməyə və doğma evindən uzağa köçməyə hazır olduğu" bildirilib.
Gələcək həyat yoldaşları arasında yeganə ünsiyyət cəmi beş dəqiqə davam edən videozəng olub. Qu qadından işi və ailəsi barədə soruşub, qadın isə satıcı işlədiyini deyib. Sualların böyük hissəsini isə vasitəçi cavablandırıb.
Toydan əvvəl agentlik qadının kredit tarixçəsi və nikahdan əvvəlki tibbi müayinəsinin nəticələrini təqdim edəcəyini vəd edib. Qu və ailəsi qadınla bir dəfə də olsun üz-üzə görüşməsələr də, nikah bağlamağa qərar veriblər.
Kişinin ailəsi ümumilikdə 265 min yuan (təxminən 39 min ABŞ dolları) xərcləyib. Bu məbləğin 100 min yuanı "gəlin pulu", 160 min yuanı isə evlilik agentliyinin xidmət haqqı olub. Bundan əlavə, onlar vasitəçidən qadını Qunun yaşadığı şəhərə müşayiət etməsini də xahiş ediblər.
Tanışlıqdan cəmi üç gün sonra cütlük rəsmi nikaha daxil olub. Maraqlıdır ki, Qunun ailəsi bu müddət ərzində gəlinin valideynləri ilə bir dəfə də olsun görüşməyib.
Lakin toy başa çatdıqdan sonra vasitəçi vəd etdiyi sənədləri təqdim etməyib. Qu həyat yoldaşı ilə birlikdə onun kredit tarixçəsini yoxlamaq üçün banka müraciət etdikdə şoka düşüb. Məlum olub ki, qadının adına 100 min yuan (təxminən 15 min ABŞ dolları) borc var.
Qadın isə bildirib ki, həmin borc guya keçmiş sevgilisinə məxsusdur və bunun onunla heç bir əlaqəsi yoxdur.
dünyadan xəbərlər cütlük evlənmək boşanmaq ÇinMənbə: lent.az