Bu gün televiziya prodüseri, rejissor, əməkdar mədəniyyət işçisi mərhum Oqtay Əliyevin doğum günüdür.
Lent.az xəbər verir ki, "Bioqrafiya" rubrikasında onun haqqında məlumatı təqdim edir:
-Oqtay Əliyev harada və nə zaman dünyaya gəlib?
Oqtay Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğulub.
-Oqtay Əliyevin təhsil həyatı hansı illəri əhatə edir?
1975–1985-ci illər İrəvan şəhəri M. F. Axundov adına orta məktəbində təhsil alıb. 1987–1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun "kino və dram rejissoru" fakültəsində təhsilini davam etdirib.
-İş həyatına nə zaman və harada başlayıb?
1983–1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989–1994-cü illərdə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olub.
-Oqtay Əliyev hansı yaradıcılıq işləri ilə tanınıb?
1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olub, ssenarilərini yazıb. 1995-ci ildə A. P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub. 1997-ci ildə Space tv-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verlişlərinin müəllifi və baş prodüseri olub.1998-ci ilin oktyabr ayının 5-də yaradılan "SOY production" şirkətinin təsisçisi və prezidenti idi. Bir çox layihələrdə içtirakçı və rəhbər olan Oqtay Əliyev ən son “Həyat, deyəsən, gözəldir” filminin aktyoru kimi çıxış edib.
-Oqtay Əliyev gördüyü işlər sayəsində hansı mükafatlara layiq görülüb?
"Ən yaxşı ssenariyə görə" I Audiovizual festival, Bakı- 2001, "Ən yaxşı animasiya işinə görə" III Beynəlxalq Audiovizual festival Bakı- 2003 mükafatlarını qazanıb..O, həmçinin 2020-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
-Oqtay Əliyev hansı xarici dilləri bilib?
O, erməni və rus dillərini mükəmməl səviyədə bilib.
-Onun ailə həyatı necə idi?
Əməkdar artist Dilarə Əliyeva ilə evil idi. Bu evlilikdən onların Aytən və Banu adında iki qızı var.
-Dilarə Əliyeva ilə necə tanış olub?
Dilarə Əliyeva müsahibələrinin birində deyir ki, Oqtayla tanış olmadan bir neçə ay öncə onu yuxusunda görür. Belə ki, qrup yoldaşının nişan konfetini balışın altına qoyaraq yatan Dilarə Əliyeva yuxusunu bacısına bu cür danışır: “Yuxuda kök, saqqallı bir oğlan görmüşəm”.
Bu yuxudan bir neçə ay sonar isə Oqtay Əliyev Dilarə Əliyevanı filmə çəkmək istəyir. Çəkiliş meydançasında Oqtay bəylə qarşılaşan Dilarə xanım onu yuxusunda gördüyünü deyir. Bu söhbətdən bir il sonra isə onlar ailə qurur.
-O.Əliyev hansı məşhurlarla qohumdur?
Oqtay Əliyev Xalq artisti Vidadi Əliyevin və xalq artisti Elmira İsmayılovanın övladıdır. Həmçinin, onun qardaşı Elçin Əlibəyli tanınmış jurnalistdir.
-Oqtay Əliyev nə zaman dünyasını dəyişib?
Oqtay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında həyatını itirib.
-Onun ölüm səbəbi nə olub?
O, avtomobil qəzası zamanı dünyasını dəyişib. Oqtay Əliyevin idarə etdiyi "Lexus Lx470" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev ölmüş, avtomobildə olan xalq artisti Mehriban Zəki və həyat yoldaşı Dilarə Əliyeva da qəzada yüngül xəsarətlər alıb.
-Hadisə ilə bağlı şahidlər nələr danışıb?
Xalq artisti Mehriban Zəki açıqlamalarının birində deyib ki, hadisə zamanı Oqtay Əliyevi çağırsa da, onun səssiz qaldığını görüb:
“Avtomobil yol kənarına çıxanda başımı qaldırıb bir neçə dəfə “Oqtay” deyib, onu çağırmağa başladım. Anladım ki, Oqtay yoxdur. Oqtaya baxmağa bir imkan yox idi. Sanki Oqtay susmağı ilə yenə mənə dedi ki, heç bir problem yoxdur. Mən ilk zərbədə huşumu itirdim. Sonra huşum özünə gələndə ilk Dilarənin səsini eşitdim. O söyləyirdi ki, “Mehribanın üzü qandır... Oqtay, Oqtay...” .
oqtay əliyev dilarə əliyeva



Mənbə: lent.az