Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə adam döyməkdə təqsirləndirilən Habil Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid C.Ə zərərçəkən qismində tanınan Aslan Arıxovu əvvəllər tanımadığını bildirib:
"Həmin gün Sabunçudakı kafedə dostlarımla - Habil, Elnur, Elşad və Habillə oturmuşduq, pivə içirdik. Adının sonradan Aslan olduğunu öyrəndiyim şəxs qonşu masada oturub öz-özünə danışırdı. Sonra yerindən durub bizim stola yaxınlaşdı, söz atmağa başladı. Birdən başladı söyüş söyməyə. Ona xoşluqla çıxıb getməsini xahiş elədik. Amma o getmədi, söyüşlərinə davam etməyə başladı. Stolumuzda olanı da aparıb onun qabağına qoyduq ki, səsini kəsib uzaqlaşsın. Bu zaman o üstümüzə bıçaq çıxartı. Neçə il "srok"da olmuşam filan dedi. Habilin ünvanına ağır söyüşlər söyməyinə görə Habil ona yumruq vurmuşdi. Çox problemli, "nakolka"lı bir adam idi".
Şahid A.E A.Arıxovun onların masasına yaxınlaşıb siqaret istədiyini bildirdi:
"Dava başlayanda mən aralamaq məqsədi ilə Aslanı tutdum. Amma o dilini saxlaya bilmirdi, söyməyə davam edirdi. Habil də buna görə dözməyib onu yumruqla vurdu".
Növbəti proses 24 iyul saat 12:40-a təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci ildə Bakı şəhəri Sabunçu rayonunda baş verib. Habil Allahverdiyev sözügedən ərazidə yerləşən kafedə dostları ilə əyləşən zaman yan masadakı Aslan Arıxov onlara qarşı nalayiq ifadələr işlədib. H. Allahverdiyev və dostları ona irad tutaraq dediklərinə diqqət yetirməsini bildiriblər. Bundan sonra Aslan Arıxovun söyüşlərinə məruz qalan H. Allahverdiyev onun baş və üz nahiyələrinə zərbə endirərək, onun sağlamlığına ziyan vurub.
Faktla bağlı cinayət işi başlanılıb, Habil Allahverdiyevə Cinayət Məcəlləsinin 126.2.4 maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221.1-ci maddəsi (Xuliqanlıq - yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə ittiham irəli sürülüb.
HadisələrMənbə: lent.az