IMG-LOGO

Bu saç rəngi xərçəngdən qoruyur - tədqiqat

19 Jun 2026 10:14 10 baxış
IMG
8 0

Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyan mexanizmin əlaməti ola bilər

Saç follikullarında DNT-nin zədələnməsi xərçəngin yaranmasına səbəb ola bilər. Orqanizm bunun qarşısını almaq üçün zədələnmiş hüceyrələrin bölünməsini məcburi şəkildə dayandırır. Yaponiyanın Tokio Universitetinin genetiklərinin yeni araşdırması ağ saçların yalnız kosmetik problem və ya yaşlanmanın əlaməti olması ilə bağlı formalaşmış təsəvvürləri dəyişdirib. Tədqiqatçılar müəyyən ediblər ki, saçın piqmentini itirməsi əslində orqanizmin təhlükəli genetik pozuntuların qarşısını almaq üçün formalaşdırdığı mürəkkəb müdafiə mexanizmidir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, saçın ağarması orqanizmdə işləyən şişə qarşı qoruyucu sistemin fəaliyyətinin göstəricisi ola bilər.

Saç follikullarında daim kök hüceyrələr fəaliyyət göstərir. Güclü stress, toksik maddələr və ya radiasiyanın təsiri altında bu hüceyrələrin DNT-si zədələnə bilər. Əgər belə hüceyrələr nəzarətsiz şəkildə bölünməyə başlasa, bədxassəli şişlərin yaranma riski artır.

Alimlərin sözlərinə görə, orqanizm bu təhlükənin qarşısını almaq üçün xüsusi müdafiə mexanizmini işə salır. Zədələnmiş hüceyrələrin həyat dövrü dəyişdirilir, onlar vaxtından əvvəl yetişməyə məcbur edilir və bir daha bölünə bilmirlər. Bunun nəticəsində həmin hüceyrələr piqment istehsalını dayandırır və saç tədricən ağarır.

Beləliklə, ağ saçların yaranması daxili nəzarət sisteminin potensial təhlükə yarada biləcək hüceyrələri vaxtında fəaliyyətsiz hala gətirdiyini göstərə bilər.

Tədqiqat zamanı maraqlı nəticə əldə olunub

Professor Emi Nişimuranın rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, hüceyrələr daim iki fərqli vəziyyət arasında tarazlıq saxlayır. Onlar ya uzunmüddətli sakitlik mərhələsinə keçir, ya da sürətlə çoxalmağa başlayırlar.

Laboratoriya təcrübələri zamanı alimlər sınaq nümunələrini güclü kanserogen maddələrin təsirinə məruz qoyublar. Maraqlıdır ki, bu şəraitdə saçlar ağarmayıb. Hüceyrələr həm bərpa olunmaq, həm də piqment istehsal etmək qabiliyyətini qoruyub saxlayıb.

Lakin bunun mənfi tərəfi də ortaya çıxıb. Genetik cəhətdən zədələnmiş hüceyrələr fəaliyyətini dayandırmadığı üçün bölünməyə davam edib və nəticədə aqressiv şişlərin yaranma riski əhəmiyyətli dərəcədə artıb.

Ağ saç xərçəngdən tam qorunmaq demək deyil

Alimlər bildirirlər ki, bu nəticələr estetik görünüşlə orqanizmin sağ qalma mexanizmləri arasında birbaşa əlaqənin olduğunu göstərir. DNT zədələndikdə orqanizm iki seçim qarşısında qalır: ya saçın təbii rəngini qorumağa çalışaraq daha böyük risklə üzləşir, ya da piqmentasiyanı itirməklə təhlükəli hüceyrələrin çoxalmasının qarşısını alır.

Araşdırmalar əsasən laboratoriya heyvanları üzərində aparılsa da, bioloqlar hesab edirlər ki, oxşar mexanizmlər insan orqanizmində də fəaliyyət göstərir. Bu baxımdan saçın ağarması bəzən orqanizmin özünü qoruma sisteminin normal işlədiyini göstərən vizual əlamət kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, mütəxəssislər vurğulayırlar ki, saçın ağarması xərçəngdən qorunmanın və ya bu xəstəliyə qarşı immunitetin göstəricisi deyil. Bu, sadəcə olaraq, DNT-də yaranan zədələrə qarşı orqanizmin uyğunlaşma reaksiyasının xarici əlamətlərindən biridir. Alimlər hesab edirlər ki, bu kəşf gələcəkdə regenerativ tibb və xərçəngin profilaktikası sahəsində yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.

saç sağlamlıq

Mənbə: lent.az

Xəbər lenti