Azərbaycanda Məhərrəm ayının başlaması ilə əlaqədar olaraq hər il olduğu kimi bu il də toy və digər şənlik mərasimlərinin keçirilməsi məsələsi yenidən gündəmə gəlib. Cəmiyyətin böyük hissəsi bu ayı dini baxımdan xüsusi əhəmiyyətli hesab etdiyindən bir çox ailələr toy, nişan və digər şənliklərini daha sonrakı tarixlərə keçirməyə üstünlük verir.
Bəs görəsən, Məhərrəm ayı ərzində toy etmək istəyənlər varmı?
Lent.az məsələ ilə bağlı paytaxt və bölgələrdə fəaliyyət göstərən müxtəlif şadlıq sarayları ilə əlaqə saxlayıb.
Aparılan sorğu zamanı məlum olub ki, hazırda Məhərrəm ayında toy və ya nişan mərasiminin keçirilməsi üçün demək olar ki, müraciət qeydə alınmayıb.
Şadlıq evlərinin nümayəndələri bildiriblər ki, toy sahibləri adətən mərasim tarixlərini bir neçə ay əvvəldən planlaşdırırlar. Buna görə də Məhərrəm ayının yaxınlaşması nəzərə alınaraq bir çox ailələr toy günlərini əvvəlcədən başqa tarixlərə salırlar.
“Toy sahibləri adətən mərasim tarixlərini əvvəlcədən planlaşdırırlar. Məhərrəm ayında isə toy və nişan mərasimləri üçün müraciətlər demək olar ki, olmur. Ötən illərdə də vəziyyət eyni olub. Bu dövrdə insanlar dini ənənələrə və cəmiyyətdə formalaşmış qaydalara hörmətlə yanaşaraq şənliklərini daha sonrakı tarixlərə təyin etməyə üstünlük verirlər”, - deyə şadlıq saraylarından bildirilib.
Şadlıq evi nümayəndələrinin sözlərinə görə, bəzi hallarda ailələr yalnız kiçik ailədaxili məclislər və ya rəsmi nikah mərasimləri ilə kifayətlənirlər. Lakin musiqili və genişmiqyaslı toy məclislərinin təşkili ilə bağlı müraciətlərə çox nadir hallarda rast gəlinir.
Müşahidələr göstərir ki, son illərdə də bu ənənə dəyişməz olaraq qalır. Xüsusilə dini dəyərlərə həssas yanaşan ailələr Məhərrəm və Səfər aylarında şənlik təşkil etməməyi üstün tuturlar. Bu səbəbdən şadlıq saraylarında həmin dövrdə toy sifarişlərinin sayı nəzərəçarpacaq dərəcədə azalır.
Şadlıq evləri qeyd edirlər ki, Məhərrəm ayından sonra isə toy mövsümü yenidən canlanır və əvvəlcədən tarix götürən ailələrin mərasimləri ardıcıl şəkildə keçirilir. Buna görə də bir çox məkanlar artıq növbəti aylar üçün rezervasiyalar qəbul etməyə başlayıb.
Bəs toy etməmək fikri haradan gəlir? Bu ayda toy etməklə bağlı dini cəhətdən hansısa qadağa var?
İlahiyyatçı Ağa Hacıbəyli Lent.az-a açıqlamasında bildirib ki, Məhərrəm və Səfər ayında toy etməməklə bağlı hökm yoxdur:
“Məhərrəm ayı İslam tarixində yeni ilin başlanğıc ayıdır. Kərbəla faciəsi tarixi hadisədir, insanlığın dramı, İslam dünyasının bağrında açılan yaradır. Bu, hər hansısa məzhəbin və ya təriqətin məsələsi deyil.
İslam aləmində müxtəlif məzhəblər var. Əlbəttə, biz bunu qəbul edirik, amma heç bir məzhəbdə yezidə haqq qazandıran, onun tökdüyü qana, törətdiyi faciəyə dəstək verən alimi, yazarı görmək mümkün deyil. Həzrəti İmam Hüseyn əlehissəlam təriqətin yox, ümmətin imamıdır. Onun faciəsi də ümmətin faciəsi kimi başa düşülməlidir. Bəzi insanlar bu məsələyə ehtiram prizmasından yanaşırlar. Əvvəla qeyd edim ki, nə “Qurani-Kərim”də, nə peyğəmbərimizin sünnəsində, nə də Əhli-Beytdə “filan gündə toy etmək olmaz”, qadağası yoxdur. Belə bir hökmə heç bir məzhəbdə də rast gəlinməyib. Lakin məzhəblərimizdə baş verən faciəyəyə yanaşma fərqliliyi var.
Biz elə bir coğrafiyada yaşayırıq ki, əsrlərdən bəri bir-birimizin ağır,dərdli gününə sevinməmişik. Məhz bu tarixi hadisəyə həssas yanaşan bölgələrimizə görə, milli xüsusiyyətimizdən çıxış edərək, biz də həssas baxış irəli sürə bilərik. Kərbəla faciəsinə insanlığa hücüm, insanlığa təcavüz kimi baxmaq lazımdır.
Bizim tövsiyəmiz ondan ibarətdir ki, bu həssas günlərdə daha ehtiramla yanaşaq. Xoş günlərə, nişana, toya bir az səbr etmək olar. Aşura günü kimsə toy etməsə, hansısa fəlakət baş verməyəcək. Əsas olan milli-mənəvi birliyimizə zərər gəlməməsidir. Bunu qoruyub-saxlamalıyıq”.
Məhərrəm ayı İlahiyyatçı Şadlıq evləri şadlıq sarayları Azərbaycan İslam dini

Mənbə: lent.az