Futbol azarkeşlərinin illərdir arzuladığı Lionel Messi ilə Kriştianu Ronaldonun dünya çempionatında üz-üzə gəlməsi 2026-cı il turnirində reallığa çevrilə bilər.
Sporting News yazır ki, hər iki futbolçu öz milli komandaları ilə turnirdə müəyyən mərhələlərə yüksələcəkləri təqdirdə qarşılaşa bilərlər.
Hazırkı dünya çempionu Argentina J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq. Portuqaliya isə K qrupunda Kolumbiya, Özbəkistan və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.
Nəşrin məlumatına görə, hər iki komanda öz qrupunu lider başa vurarsa və pley-off mərhələlərində uğurla irəliləyərsə, Messi ilə Ronaldo dörddəbir finalda qarşılaşa bilərlər.
Bununla yanaşı, Argentina və Portuqaliya qruplarında ikinci yeri tutacaqları halda da onların yolları dörddəbir finalda kəsişə bilər. Bunun üçün hər iki komandanın ilk pley-off oyunlarını qələbə ilə başa vurması tələb olunur.
Əgər Argentina qrupunu birinci, Portuqaliya isə ikinci pillədə tamamlayarsa və ya əksinə olarsa, bu halda iki futbol əfsanəsinin qarşılaşması yalnız finalda mümkün olacaq.
Yeni dünya çempionatının 48 komandalı formatı bu ehtimalları daha da artırır. Üçüncü yerlə pley-off mərhələsinə yüksələn komandaların nəticələrindən asılı olaraq Argentina ilə Portuqaliyanın 1/16 final, 1/8 final, dörddəbir final və ya yarımfinalda qarşılaşması da mümkündür.
Sporting News qeyd edir ki, həm Messi, həm də Ronaldo karyeralarında altıncı dəfə dünya çempionatında iştirak edirlər. Bu isə onları futbol tarixində xüsusi yerə sahib olan oyunçular sırasına daxil edir.
Azarkeşlər uzun illər klub səviyyəsində yaşanan Messi-Ronaldo rəqabətinin dünya çempionatında da son dəfə şahidi olmağa ümid edirlər. Hər iki futbolçunun yaşını nəzərə alsaq, 2026-cı il mundialı onların beynəlxalq arenada son böyük turniri ola bilər.
Dünya Çempionatı Lionel Messi Kriştianu Ronaldo Argentina Portuqaliya Dünya Kuboku 2026 Sporting News futbol dünya çempionatı pley-off final Messi-Ronaldo rəqabətiMənbə: lent.az