Əgər turist izdihamından bezmisinizsə, bu siyahı məhz sizin üçündür.
Lent.az xəbər verir ki, Roma, Paris və Barselona kimi məşhur turizm mərkəzləri son illər turist axını səbəbindən ciddi sıxlıq yaşayır. Sadəcə bir şəkil çəkmək üçün növbəyə dayanmaq belə bir çox səyahətçini yorur. Buna görə də insanlar daha az tanınan, lakin eyni dərəcədə gözəl istirahət məkanları axtarmağa başlayıblar.
"Travel Off Path" bloqunun müəllifi Tayler Foks turistlərin hələ kütləvi şəkildə üz tutmadığı, lakin mütləq görülməli olan Avropa məkanlarını təqdim edib.
Zaqori bölgəsi, Yunanıstan
Yunanıstanın şimal-qərbində, Pind dağlarında yerləşən Zaqori bölgəsi 46 yaxşı qorunub saxlanılmış daş kəndi ilə məşhurdur. Ərazi Vikos dərəsi ilə əhatələnib. Bu dərə eni ilə müqayisədə dünyanın ən dərin kanyonu kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. Yerli sakinlər əsrlər əvvəl sementdən istifadə etmədən hündür tağlı daş körpülər inşa ediblər. Burada qədim daş cığırlarla Voidomatis çayına doğru gəzintiyə çıxmaq mümkündür. Kristal təmiz bulaqlarla qidalanan çayın suyu ilboyu təxminən 8,5 dərəcə olur.
Senya adası, Norveç
Son illər Avropada yay aylarında havaların daha isti keçməsi səbəbindən sərin iqlimə malik Norveç turistlərin diqqətini cəlb edir. Şimal qütb dairəsindən 300 kilometr aralıda yerləşən Senya adası turist sıxlığı olmadan möhtəşəm təbiət mənzərələri təqdim edir. Adada iti zirvəli dağlar və firuzəyi rəngli fyordlar diqqət çəkir. Buraya gələnlər Segla adlı nəhəng qayalıq monolitinə açılan mənzərəsi ilə məşhur olan Hesten qayalarını da ziyarət edə bilərlər. Senyaya səfər edənlərə skrey adlanan xüsusi arktik treska balığını dadmaq da tövsiyə olunur. Bu balıq Barens dənizindən adanın sularına qədər min kilometrlərlə məsafə qət edir.
Marvao, Portuqaliya
Portuqaliyanın bu orta əsr yaşayış məntəqəsi 800 metrdən artıq hündürlükdə yerləşən nəhəng kvarsit qayanın zirvəsində salınıb. VIII əsrdə əsası qoyulan kənd XIII əsrə aid qranit divarlarla əhatə olunub. Ağ rəngli tikililəri ilə Marvao sanki buludların üzərində üzən qala təsiri bağışlayır.
Banska-Ştyavnitsa, Slovakiya
Bu şəhər qədim vulkanın çökmüş kalderasının içərisində yerləşir. Ərazidəki zəngin qızıl və gümüş yataqları sayəsində Banska-Ştyavnitsa vaxtilə Avropanın mühüm mədənçilik mərkəzlərindən biri olub. Mədən ehtiyatları tükəndikdən sonra şəhərin inkişafı dayanıb və nəticədə onun qotik və intibah dövrünə aid memarlıq nümunələri günümüzədək demək olar ki, dəyişmədən qorunub saxlanılıb. Keçmişdə şaxtaların su ilə dolmasının qarşısını almaq üçün yerli mühəndislər "Tayxi" adlanan 60 süni göldən ibarət sistem yaradıblar. Bu göllər hazırda meşəlik ərazilərdə istirahət üçün ideal məkan sayılır.
Beara yarımadası, İrlandiya
Beara yarımadası İrlandiyanın vəhşi və toxunulmamış təbiətini görmək istəyənlər üçün əsl kəşfdir. Burada qayalıq ərazilərdən keçən Healy aşırımının dolama yolları ilə kilometrlərlə yol qət etmək və demək olar ki, heç bir avtomobillə rastlaşmamaq mümkündür. Yarımadanın ən qərb hissəsində yerləşən Dursey adasına isə İrlandiyanın yeganə kanat yolu ilə getmək olar. Kanat yolu coşqun Atlantik okeanının üzərindən keçir.
Travel Avropa turizm gizli məkanları YunanıstanMənbə: lent.az