Su həyatın əsas mənbələrindən biridir və insan orqanizmində baş verən demək olar ki, bütün proseslərdə iştirak edir. O, qida maddələrinin daşınmasına kömək edir, ürəyin, beynin və daxili orqanların fəaliyyətini dəstəkləyir, bədən temperaturunu tənzimləyir və toksinlərin xaric olunmasına yardım edir.
Lent.az xəbər verir ki, buna görə də alimlər uzun illərdir ki, sağlamlıq üçün ən faydalı olan və uzunömürlülüyə töhfə verə biləcək su növünü araşdırırlar.
Niyə adi içməli su ən yaxşı seçim hesab olunur?
Qələvi, strukturlaşdırılmış, hidrogenlə zəngin və digər su növlərinin populyarlığına baxmayaraq, alimlərin böyük əksəriyyəti gündəlik istifadə üçün ən uyğun variantın şəkər, dadlandırıcı və süni əlavələr olmayan adi təmiz içməli su olduğunu bildirir. Məhz bu cür su orqanizmdə maye balansını qorumağa kömək edir və böyrəklər, eləcə də həzm sistemi üçün əlavə yük yaratmır. Kifayət qədər təmiz su qəbulunun ürək-damar sisteminin daha yaxşı fəaliyyət göstərməsi, maddələr mübadiləsinin normallaşması və sağlam çəkinin qorunması ilə əlaqəli olduğu vurğulanır.
Su ömrün uzunluğuna necə təsir edir?
Araşdırmalar göstərir ki, xroniki susuzluq orqanizmin bir çox sisteminə mənfi təsir göstərə və qocalma prosesini sürətləndirə bilər. Orqanizm kifayət qədər maye qəbul etdikdə qan daha az qatı olur, ürəyin qanı damarlar vasitəsilə dövriyyəyə buraxması asanlaşır, hüceyrələr isə oksigen və qida maddələrini daha səmərəli şəkildə qəbul edir. Bundan əlavə, kifayət qədər su içmək böyrəklərin sağlamlığını dəstəkləyir, həzmi yaxşılaşdırır və dərinin vəziyyətinə müsbət təsir göstərir. Məhz buna görə həkimlər düzgün su qəbulunun sağlam qocalmanın ən vacib amillərindən biri olduğunu bildirirlər.
Mineral suyu hər gün içmək olarmı?
Mineral suların tərkibində kalsium, maqnezium və digər faydalı mikroelementlər olduğu üçün onların da müəyyən faydaları var. Lakin gündəlik istifadə üçün minerallaşma dərəcəsi aşağı olan süfrə mineral suları daha uyğun hesab edilir. Müalicəvi mineral sular isə yalnız həkim tövsiyəsi ilə qəbul edilməlidir. Çünki bəzi mineralların həddindən artıq qəbulu orqanizm üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Mütəxəssislər vurğulayırlar ki, su seçərkən əsas diqqət keyfiyyətə və onun müntəzəm qəbuluna yönəldilməlidir. Dəbə çevrilən tendensiyalar və reklam vədlərindən daha vacib olan məhz orqanizmin gündəlik su tələbatının düzgün şəkildə qarşılanmasıdır.
Sağlıq su sağlam həyat təmiz suMənbə: lent.az