Stress müasir insanın daimi yol yoldaşına çevrilib. Onun mənbəyi işdəki çətinliklər, ailədaxili problemlər və ya müharibə kimi ağır həyat hadisələri ola bilər. Psixoloqlar stressi insanın daxilində saxlamamağı tövsiyə etsələr də, problemlərinizi kiminlə bölüşdüyünüzə diqqətlə yanaşmaq vacibdir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, iş yerində nə qədər çətinlik yaşasanız da, bu barədə ya psixoloqla, ya da rəhbərinizlə danışmaq daha məqsədəuyğundur. Həmkarlarla davamlı şəkildə bu mövzunu müzakirə etmək isə arzuolunmaz hesab edilir.
Psixoloqlar müəyyən ediblər ki, həmkarlar qarşısında tez-tez öz stressini nümayiş etdirmək və ya bununla "öyünmək" işçinin özünə zərər verə bilər.
Söhbət işçilərin mütəmadi olaraq öz yüklənmələrini və işdə yaşadıqları gərginliyi vurğulamalarından gedir. Onlar bununla daha məsuliyyətli, işə daha çox bağlı və ya daha əhəmiyyətli göründüklərini düşünə bilərlər.
Lakin araşdırmalara görə, kollektivdə şəxsi stressin həddindən artıq müzakirə olunması əks təsir göstərir. Bu davranış həmkarların həmin şəxs haqqında formalaşdırdığı təsəvvürü pisləşdirə bilər.
Tədqiqat müəllifləri vurğulayırlar ki, "stresslə öyünmək" əməkdaş haqqında mənfi fikir yaradır.
Davamlı olaraq öz stressindən danışan işçilər ətrafdakılar tərəfindən daha az səriştəli və ünsiyyət baxımından daha az xoş insan kimi qəbul edilirlər. Bundan əlavə, bu, həmkarların onlara işdə kömək etmək istəyinə də mənfi təsir göstərir.
iş yerində müzakirə olunmamalı olan mövzularMənbə: lent.az