IMG-LOGO

Səyahət üçün Avropanın ən ucuz şəhərləri - Paris və Romadan gözəl

11 Jun 2026 16:02 4 baxış
IMG
0 0

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo 2026-cı il üçün Avropanın ən sərfəli turizm istiqaməti seçilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, şəhər "City Cost Barometer 2026" reytinqində araşdırılan 50 Avropa şəhəri arasında birinci olub.

Sarayevo zəngin tarixi, fərqli mədəniyyətlərin qovuşduğu mühiti və möhtəşəm dağ mənzərələri ilə turistlərin diqqətini çəkir. Qısa müddətli səyahət üçün münasib qiymətə fərqli təcrübə yaşamaq istəyənlər üçün şəhər ideal seçim hesab edilir.

Araşdırma zamanı turistlər üçün əsas xərclər nəzərə alınıb. Buraya üçulduzlu hoteldə iki gecəlik qalmaq, iki nəfərlik üç çeşidli şam yeməyi və bir şüşə yerli şərab, qəhvə, pivə, koka-kola, bir qədəh şərab, hava limanına gediş-gəliş, 48 saatlıq ictimai nəqliyyat kartı, şəhər turu, həmçinin əsas tarixi məkan, məşhur muzey və incəsənət qalereyasına giriş biletləri daxil edilib.

Sarayevo şəhərində bu xidmətlərin ümumi dəyəri cəmi 248 funt sterlinq (təxminən 565 manat) təşkil edir. Müqayisə üçün qeyd edək ki, siyahının ən bahalı şəhəri olan Norveçin paytaxtı Oslo şəhərində eyni həftəsonu istirahəti üçün təxminən 750 funt sterlinq (1706 manat) xərcləmək lazımdır.

Yerli bələdçi Nermin Numiçin sözlərinə görə, şəhərdə yemək qiymətləri də olduqca münasibdir. Ənənəvi Bosniya yeməklərindən olan çevapçiçi və ya bosanski lonats adlı ət yeməyinin bir porsiyasını təxminən 5 funt sterlinqə (11 manat) dadmaq mümkündür. Daha zəngin şam yeməyi və içkilər isə adambaşına orta hesabla 15 funt (35) sterlinqə başa gəlir.

Turizm mövsümünün qızğın vaxtında belə, şəhərdə iki nəfərlik sadə hotel otağı 50 funt sterlinqdən (113 manat) aşağı qiymətə tapılır. Daha komfortlu hotellər və mənzillərin gecəlik qiyməti isə təxminən 150 funt sterlinq ( 340) təşkil edir.

Sarayevo tez-tez "Avropanın Qüdsü" adlandırılır. Şəhərdə əsrlər boyu məscidlər, kilsələr və sinaqoqlar yanaşı fəaliyyət göstərib. Burada Osmanlı dövrünün dar küçələri və bazarları, Avstriya-Macarıstan dövrünün memarlıq nümunələri, eləcə də sosializm dövrünün tikililəri bir arada mövcuddur.

Şəhər 1984-cü il Qış Olimpiya Oyunlarının keçirildiyi dörd dağla əhatə olunub. Bu səbəbdən Sarayevo qışda xizək sürmək, yayda isə dağ yürüşləri üçün əlverişli məkan hesab olunur. Turistlərə hazırda küçə rəssamlarının əsərləri ilə bəzədilmiş köhnə olimpiya bobsley trasını da ziyarət etmək tövsiyə edilir.

Sarayevonun rəmzlərindən biri də körpüləridir. Şəhərdə ümumilikdə 13 körpü var. Onların arasında ən məşhuru Latın körpüsüdür. Məhz burada Avstriya-Macarıstan taxt-tacının varisi Frans Ferdinand öldürülüb. Bu hadisə Birinci Dünya müharibəsinin başlanmasına səbəb olan əsas amillərdən biri sayılır.

Bosniya və Herseqovinanın digər məşhur şəhəri Mostardan fərqli olaraq, Sarayevo adətən turist izdihamından uzaq olur. Yalnız avqust ayında keçirilən beynəlxalq kino festivalı zamanı şəhərdə daha çox qonaq müşahidə edilir.

Avropa turistik məkan səyahət travel

Mənbə: lent.az

Xəbər lenti