Yay mövsümünün başlaması ilə Azərbaycanın səfalı yerlərində istirahət etmək istəyənlərin sayı artıb. Ölkəmizin bir sıra dağlıq əraziləri yerli və xarici qonaqlarla dolub-daşır. Bir çox insan Qubada, Şəkidə, Şamaxıda, Şahdağda və digər turistik zonalarda yerləşən hotellərdə qalmaq üçün on-on beş gün öncədən rezervasiya edirlər.
Bəs görəsən, turizm bölgələrində yerləşən hotellərdə bir həftəlik istirahət neçəyə başa gəlir?
Lent.az turistik ərazilərdə yerləşən hotellərdə iki nəfərlik otaqlarda bir həftəlik istirahətin qiymətini araşdırıb.
Şahdağ ərazisində yerləşən otellərdə iki nəfərlik otaqların bir həftəlik qiyməti 1450-175000 manat aralığındadır. Buraya səhər və axşam yeməyi, SPA, türk hamamı, uşaq meydançası, sauna, fitness zal daxildir.
Tufandağda yerləşən hotellərin bir həftəlik qiyməti 1960-2600 manat aralığında dəyişir. Qəbələdə iki nəfərin 7 günlük istirahəti 1200-3800 manat təşkil edir. Qubada premium istirahət mərkəzlərində bu məbləğ 2400-3500 manat təşkil edir.
Naftalanda müalicəvi turizm imkanları səbəbindən qiymətlər digər bölgələrdən fərqlənir. Burada bir gecəlik qiymətlər 180-300 manat təşkil edir. İki nəfərin bir həftəlik istirahəti isə təxminən 1260-2100 manata başa gəlir. Cənub bölgələrindən olan Lerikdə bir həftəlik hotel qiymətləri 1800-3000 manat aralığındadır.
Göygöldə göl və meşə mənzərəsi olan istirahət məkanlarında bir həftəlik tətil 1600-2500 manata başa gəlir.
Zaqatalada qiymətlər digər bölgələrlə müqayisədə daha münasibdir. Bir həftəlik istirahət, təxminən 700-1260 manat təşkil edir.
Şəkidə qiymətlər 1200-4300 manat aralığındadır. Şamaxıda bir həftəlik istirahətin dəyəri, təxminən 1500-3600 manatdır.
Naxçıvanda istirahət etmək istəyənlər üçün hotellərin qiyməti 1200-1330 manat aralığında dəyişir.
Rayonlara getmək istəməyən, yaxud xarici ölkələrdən Azərbaycana gəlib, paytaxt Bakıda dincəlmək istəyənlər üçün 5 ulduzlu otellərin bi həftəlik qiyməti 1550-9800 manat aralığındadır.
İstirahət mərkəzlərindən bildirilib ki, qiymətlər hotelin doluluq səviyyəsinə görə dəyişir. 10-15 gün öncədən rezervasiya etdikdə qeyd olunan qiymət, daha gec olduqda isə fərqli (bir qədər yüksək) məbləğ ödənilməli olur.
Azərbaycanda istirahət Azərbaycanda hotellərin qiyməti Azərbaycanda bir həftəlik istirahət neçəyə başa gəlir?Mənbə: lent.az