IMG-LOGO

İtaliyada bunları etmək olmaz - turistlər üçün vacib qaydalar

10 Jun 2026 12:59 3 baxış
IMG
1 0

Bu yaxınlarda beynəlxalq mediada maraqlı bir hadisə geniş müzakirə olunub. Bir qadın restoranda yeməklə birlikdə ona pulsuz kran suyu verilmədiyi üçün İtaliyadakı bir oteli məhkəməyə verib. Lakin məhkəmə otelin xeyrinə qərar çıxarıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qərarın ədalətli olub-olmaması barədə mübahisələr davam etsə də, bir həqiqət dəyişmir: İtaliyada adi kran suyu istəmək belə arzuolunmaz hesab edilən davranışlardan biridir.

Məqalə müəllifi 17 ildir İtaliyada yaşadığını və buna baxmayaraq, hələ də yerli qaydalar və mədəni nüanslarla bağlı yeni şeylər öyrəndiyini bildirib. O, turistlərin ən çox yol verdiyi səhvləri italiyalıların dili ilə desək, "gaffe"ləri sadalayıb.

Saat 11:00-dan sonra kapuçino sifariş etmək

İtaliyada yazılmamış bir qayda var: kapuçino yalnız səhər saatlarında içilməlidir.

Bu, ofisiantların turistlərə qarşı münasibəti ilə bağlı deyil. Bir çox italiyalı hesab edir ki, süd həzmi çətinləşdirir. Buna görə də, süd tərkibli içkiləri ağır yeməklərdən sonra qəbul etməyi düzgün saymırlar. Bununla belə, nahardan sonra, hətta lazanya ilə birlikdə kapuçino sifariş etsəniz, onu sizə təqdim edəcəklər. Sadəcə, ofisiantın bunu təəccüblə qarşılaması mümkündür. "Qayda pozuntusunun səviyyəsi": 1/10.

Tarixi məkanlarda nəsə yemək

Əldə pizza və ya dondurma ilə küçədə gəzmək İtaliyada tamamilə normaldır. Lakin Romadakı İspan pilləkənlərində, Venesiyadakı Rialto körpüsündə və ya kilsələrin pillələrində oturaraq panini yemək yaxşı fikir sayılmır.

Bir çox məşhur turistik məkanda tarixi abidələrin üzərində oturmaq və ya yemək yemək qadağandır. Ən yaxşı halda sizdən həmin yeri tərk etməyiniz istənilə bilər, ən pis halda isə cərimə ilə üzləşə bilərsiniz. Əgər kilsənin pillələrində piknik təşkil etsəniz, hansısa italiyalı nənədən sərt irad eşitmək ehtimalınız da var. "Qayda pozuntusunun səviyyəsi": 6/10.

Şam yeməyindən əvvəl çörəyi zeytun yağına batırmaq

İtaliyadan kənardakı italyan restoranları turistləri çox vaxt yanlış vərdişlərə alışdırır. Böyük Britaniyada və bir çox başqa ölkələrdə müştərilərə əsas yeməkdən əvvəl zeytun yağı, bəzən isə balzam sirkəsi və pendirlə birlikdə çörək təqdim edilir. Lakin İtaliyanın özündə bu ənənə demək olar ki, yoxdur. Əgər restoranda çörəyi zeytun yağına batırmaq üçün ayrıca qab gətirilirsə, bu, çox güman ki, turistlər üçün nəzərdə tutulmuş məkandır.

İtalyanlar çörəyi adətən yeməyin sonunda, boşqabda qalan sousu toplamaq üçün istifadə edirlər. Buna görə də əlavə zeytun yağı istədikdə imtina cavabı alsanız, təəccüblənməyin. "Qayda pozuntusunun səviyyəsi": 1/10.

Bazarda meyvə-tərəvəzə toxunmaq

İtaliya bazarlarında pomidor, şaftalı və ya ərik nə qədər cəlbedici görünsə də, onlara əllə toxunmaq qəbul edilmir. Hətta almaq niyyətində olsanız belə. Alıcılar adətən satıcıya hansı məhsulu istədiklərini göstərir və miqdarını bildirirlər. Məhsulu qablaşdırmaq və çəkmək isə satıcının işidir. Bu səbəbdən bazarlarda əlləri məhsullardan uzaq saxlamaq tövsiyə olunur. "Qayda pozuntusunun səviyyəsi": 3/10.

Kilsələrdə uyğun olmayan geyim

Bu gün qaydalar əvvəlki qədər sərt olmasa da, İtaliyada kilsələrə həddindən artıq açıq geyimdə daxil olmaq hələ də hörmətsizlik sayılır. Həm qadınlar, həm də kişilər üçün dizdən yuxarı şort və ətəklər, açıq çiyinlər, nazik qayışlı köynəklər və həddindən artıq açıq geyimlər məqbul hesab edilmir.

Havanın nə qədər isti olması italiyalılar üçün əsas deyil. Buna görə də şəhər gəzintisi zamanı kilsələrə baş çəkməyi planlaşdırırsınızsa, çiyinlərinizi örtmək üçün yüngül şərf götürmək məsləhətdir. "Qayda pozuntusunun səviyyəsi": 7/10.

Fəvvarələrdə çimmək

Demək olar ki, hər yay turistlərdən bəziləri Romanın Trevi fəvvarəsində çimməyə və ya Venesiyanın Böyük kanalına tullanmağa cəhd edirlər. Bu davranış təkcə etik normalara zidd deyil, həm də qanunla qadağandır. İtaliyada ictimai fəvvarələrdə üzmək, suya girmək və hətta ayaqları suya salmaq belə qadağandır.

Bu qaydalar tarixi abidələrin qorunması və ictimai sağlamlığın təmin edilməsi məqsədi daşıyır. Belə hallarda tətbiq olunan cərimələr təxminən 450 avrodan başlayır. Bundan əlavə, qayda pozan şəxs həmin məkandan uzaqlaşdırıla və hətta müəyyən tarixi obyektlərə ömürlük giriş qadağası ala bilər. "Qayda pozuntusunun səviyyəsi": 10/10.

Dəniz məhsullu makaronlara pendir istəmək

Midiya ilə spagetti, mürəkkəb balığının mürəkkəbi ilə hazırlanan makaron və ya dəniz məhsullu rizotto kimi yeməklər dəniz nemətlərinin dadını ön plana çıxarmaq üçün hazırlanır. İtalyanlar hesab edirlər ki, pendir bu zərif dadları üstələyir. Buna görə də belə yeməklərə pendir əlavə etmək kulinariya baxımından düzgün sayılmır.

Yazılmamış qayda sadədir: əgər yeməyə sürtgəcdən keçirilmiş pendir uyğun gəlirsə, ofisiant özü bunu sizə təklif edəcək. Buna görə də parmezan istədikdə imtina cavabı ala bilərsiniz. "Qayda pozuntusunun səviyyəsi": 2/10.

Şərabı düzgün qaydada süzməmək

İtaliyada hətta şərabın necə süzülməsi də əhəmiyyət daşıyır. Əgər şərabı butulkanı ovucun içində, ovuc yuxarı vəziyyətdə tutaraq süzürsünüzsə, bəzi italiyalılar bunu pis əlamət hesab edə bilərlər.

Bu inanc saray intriqaları və zəhərlənmə hadisələrinin yaşandığı dövrlərə gedib çıxır. Həmin hərəkət xəyanət və pis niyyətlə əlaqələndirilirdi. Bu gün daha çox xurafat xarakteri daşısa da, bir çox italiyalı üçün hələ də əhəmiyyətini qoruyub saxlayır. "Qayda pozuntusunun səviyyəsi": 9/10.

Qeyd edək ki, İtaliyanın Ali Kassasiya Məhkəməsi restoran və otellərin müştərilərə pulsuz kran suyu təqdim etmək məcburiyyətində olmadığını təsdiqləyib. Bu qərar Cənubi Tirol bölgəsində yerləşən lüks otellərdən biri ilə turist arasında illərlə davam edən məhkəmə çəkişməsindən sonra qəbul edilib.

Travel İtalya səyahət məkanları italyada qaydalar

Mənbə: lent.az

Xəbər lenti