İsti havada ürək daha yüksək yüklə işləməyə məcbur qalır.
Lent.az xarici mediaya istinadla xəbər verirki, yüksək hava temperaturu qan dövranına təsir göstərərək ürək-damar sistemi üçün təhlükəli vəziyyət yarada bilər.
İsti hava niyə ürək üçün təhlükəlidir?
Fizioloq Maykl Krouford bildirib ki, isti havada orqanizm daim soyumağa çalışdığı üçün ürək adi vaxtlardan daha aktiv işləməli olur.
Havanın temperaturu yüksəldikdə sinir sistemi ürəyin daha sürətli döyünməsi və damarların genişlənməsi üçün siqnallar göndərir. Bunun nəticəsində qan dövranı sürətlənir və bədən artıq istiliyi xaric etmək imkanı qazanır. Lakin bununla yanaşı tərləmə artır, nəbz sürətlənir və arterial təzyiq aşağı düşə bilər. İnsan nə qədər uzun müddət istidə qalarsa, ürək-damar sisteminə düşən yük də bir o qədər artır.
Nəbz nəzərəçarpacaq dərəcədə sürətlənir
Mütəxəssislər qeyd edirlər ki, bədənin daxili temperaturu təxminən bir dərəcə yüksəldikdə ürək döyüntülərinin sayı dəqiqədə orta hesabla 10 vurğu arta bilər.
İsti hava səbəbindən bəzi hallarda sakit vəziyyətdə belə nəbz dəqiqədə 100 vurğunu keçə bilər ki, bu da taxikardiyaya səbəb ola bilər.
Yüksək temperaturun fiziki aktivliklə birləşməsi isə xüsusilə təhlükəli sayılır. Məsələn, qaçış zamanı, bağ işləri görərkən və ya digər fiziki yüklənmələr zamanı ürək onsuz da intensiv işləyir, isti hava isə bu təsiri daha da gücləndirir.
İsti hava təzyiqi aşağı sala bilər
Damarların genişlənməsi orqanizmin soyumasına kömək etsə də, eyni zamanda arterial təzyiqin düşməsinə səbəb ola bilər. Təzyiqin az miqdarda enməsi adətən ciddi problem yaratmasa da, güclü istilərdə bəzi hallarda göstərici 90/60 mm civə sütunundan aşağı düşə bilər ki, bu da hipotoniyaya səbəb olur. Belə vəziyyətdə insanın ümumi halı pisləşir və huşunu itirmə riski artır.
Diqqətdən kənarda saxlanmamalı əlamətlər
Nəbzin qısamüddətli sürətlənməsi və ya təzyiqin cüzi azalması əksər hallarda təhlükəli hesab edilmir. Lakin orqanizm həddindən artıq qızmanın öhdəsindən gələ bilmədikdə başgicəllənmə və ya huşunu itirmə, güclü halsızlıq və yorğunluq, baş ağrısı, ürək döyüntüsünün güclü hiss olunması, əzələ spazmları, ürəkbulanma və ya qusma, həmçinin nəfəs darlığı kimi narahatedici əlamətlər meydana çıxa bilər.
Mütəxəssislər bildirirlər ki, isti havada bu cür simptomlar yaranarsa, mütləq tibbi yardıma müraciət edilməlidir.
Yayda ürəyə düşən yükü necə azaltmaq olar?
Orqanizmin yüksək temperaturu daha rahat keçirməsi üçün həkimlər daha tez-tez sərin məkanlarda və ya kölgədə istirahət etməyi, kifayət qədər su içərək orqanizmdə maye balansını qorumağı, hava keçirən, rahat və yüngül geyimlər seçməyi, həmçinin günün ən isti saatlarında uzun müddət açıq havada qalmamağı tövsiyə edirlər.
Bu tövsiyələrə əməl edilsə belə, insanın öz vəziyyətini diqqətlə izləməsi və orqanizmin verdiyi siqnalları görməzlikdən gəlməməsi vacib sayılır.
isti hava ürək sağlamlığıMənbə: lent.az