2022-ci ildə aparılan bir araşdırmada alimlər müəyyən ediblər ki, qarpız ümumi qida maddələrinin qəbulunu artırmağa və qidalanma keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Mütəxəssislərin sözlərinə görə, qarpız yeyən insanlar daha çox vacib qida maddələri qəbul ediblər. Bunlara qida lifləri, maqnezium, kalium, C vitamini, A vitamini, likopin və digər karotinoidlər daxildir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, aaşdırma müəlliflərinin sözlərinə görə, qarpız həm uşaqlarda, həm də böyüklərdə qida maddələrinin qəbulunu artıraraq qidalanma keyfiyyətini yüksəldə bilər.
2025-ci ildə aparılmış başqa bir tədqiqat isə göstərib ki, qarpız ürəyi qoruyan təsir göstərə bilər. Alimlərin fikrincə, qarpız arterial təzyiqin azalmasına və ürəyin ümumi sağlamlığının yaxşılaşmasına kömək edir.
Dietoloq Mişel Rautenşteyn bildirib ki, qarpız sağlam qidalanma rasionuna əla əlavədir. Çünki onun tərkibindəki kalium, likopin və sitrullin birlikdə təsir göstərərək normal qan təzyiqinin və qan dövranının qorunmasına dəstək ola bilər.
Qarpızın ürək sağlamlığı üçün faydaları
2025-ci il araşdırmasına əsasən, qarpız amin turşusu olan L-sitrullinlə zəngindir. Bu maddə arterial təzyiqin aşağı salınmasına və ürək sağlamlığının qorunmasına kömək edə bilər.
Klivlend klinikasının sağlamlıq və profilaktik tibb şöbəsində çalışan dietoloq Kristin Kirkpatrik bildirib ki, qarpızın qan damarlarının sağlamlığına müsbət təsiri ümumi ürək-damar sisteminə də fayda verir. Bunun səbəbi, ehtimal ki, azot oksidinin istehsalına təsir edən maddələrlə bağlıdır. Azot oksidi isə damarların sağlam fəaliyyətində mühüm rol oynayır.
Bundan əlavə, 2022-ci il araşdırması göstərib ki, L-sitrullin xüsusilə ürək-metabolik risk faktorları olan insanlarda arterial təzyiqin və damar sərtliyinin azalmasına kömək edə bilər.
Rautenşteyn vurğulayıb ki, qarpız ürək üçün faydalı məhsul olsa da, infarkt və insult riskini azaltmaq üçün onu ürək sağlamlığını dəstəkləyən balanslı qidalanma sisteminin bir hissəsi kimi qəbul etmək lazımdır.
Qarpızı rasiona necə əlavə etmək olar?
Rautenşteyn qarpızın faydalarından maksimum yararlanmaq üçün onu smuziyə və ya salata əlavə etməyi, qarpız qazpaçosu hazırlamağı və ya qoz-fındıq, yaxud yunan yoqurtu ilə birlikdə yeməyi tövsiyə edib.
Kristin Kirkpatrik isə əlavə edib ki, ondan şirə hazırlaya, kəsmiyə əlavə edə, şiş kababı formasında təqdim edə, qrildə bişirib qarnir kimi istifadə edə və hətta donduraraq qarpızlı dondurma hazırlaya bilərsiniz.
Orqanizmə şüyüdü müntəzəm yeməyin təsiri
Bundan əvvəl mütəxəssislər şüyüdün müntəzəm istifadəsinin faydalarından da danışıblar. Onların sözlərinə görə, az miqdarda şüyüd belə orqanizmi faydalı vitaminlərlə təmin edə bilər.
Şüyüdün tərkibində olan bitki mənşəli birləşmələr orqanizmdə yaranan oksidativ stresin azalmasına kömək edə bilər. Bu maddələr hüceyrələrin qorunmasında mühüm rol oynadığından, nutrisiologiyada da xüsusi diqqət mərkəzindədir.
qarpız qarpızın faydaları sağlıqMənbə: lent.az