Təyyarədə yatmaq uzun uçuşları daha rahat keçirməyə kömək etsə də, bütün yatış formaları eyni dərəcədə təhlükəsiz hesab olunmur. Aviasiya sahəsində uzun illər çalışmış mütəxəssis bəzi məşhur istirahət pozalarının həm sərnişinlərin özləri, həm də ətrafdakılar üçün narahatlıq və risk yarada biləcəyini bildirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 14 il stüardessa kimi fəaliyyət göstərmiş Barbara Baçilyerin sözlərinə görə, bəzi sərnişinlər rahatlıq axtararkən təhlükəsizlik qaydalarını və gigiyena məsələlərini nəzərə almırlar.
Mütəxəssis təyyarənin döşəməsində uzanaraq yatmağın düzgün olmadığını vurğulayıb. O bildirib ki, salonun döşəməsi kifayət qədər çirkli olur və belə vəziyyətdə sərnişinin təhlükəsizlik kəmərini taxması da mümkün olmur.
Barbara Baçilyeri xüsusilə başın oturacaqlar arasındakı keçid hissəsinə sallanaraq yatılmasını təhlükəli hesab edir. Onun sözlərinə görə, stüardessalar xidmət arabaları ilə koridor boyunca hərəkət etdikləri zaman belə vəziyyətdə olan sərnişin təsadüfən zərbə ala bilər.
Keçmiş stüardessa başı qatlanan masanın üzərinə qoyaraq və ya qoltuqaltılarda uzanaraq yatmağı da məsləhət görmür. O hesab edir ki, bu, ilk növbədə gigiyena məsələsidir. Çünki həmin səthlərdən gün ərzində yüzlərlə insan istifadə edir və onlar hər zaman tam steril olmur.
Mütəxəssis uçuş zamanı digər sərnişinlərə qarşı diqqətli olmağın vacibliyini də xatırladıb. Onun sözlərinə görə, oturacağın arxalığını geriyə əyməzdən əvvəl arxada əyləşən sərnişinin yemək yeyib-yemədiyinə və ya içki içib-içmədiyinə diqqət etmək lazımdır. Çünki qəfil hərəkət içkilərin dağılmasına və ya yeməyin korlanmasına səbəb ola bilər.
Barbara Baçilyeri istifadə olunmuş salfetlərin oturacaqların arxasındakı ciblərdə saxlanılmasını da düzgün hesab etmir. O bildirib ki, bu hissələrin təmizlənməsi çətin olduğundan tullantıları xüsusi zibil yerlərinə atmaq daha məqsədəuyğundur.
Onun digər tövsiyələri arasında mayelərin əl yükündə daşınarkən qoruyucu silikon paketlərə yerləşdirilməsi də yer alıb. Bu üsul çantaların içərisində mayenin axaraq əşyaları zədələməsinin qarşısını ala bilər. Həmçinin qatlanan masaların körpələrin bezlərinin dəyişdirilməsi üçün istifadə edilməməsi tövsiyə olunur.
Uzunmüddətli uçuşlara çıxan sərnişinlərə əvvəlcədən kiçik qəlyanaltılar götürmək məsləhət görülür. Ekspert bildirib ki, güclü turbulentlik səbəbindən bəzən yemək paylanması müvəqqəti dayandırıla bilər. Belə hallarda ehtiyat qida sərnişinlər üçün faydalı olur.
Bundan əlavə, sərnişinlərə uçuşdan əvvəl telefon və ya planşetlərinə film və seriallar yükləmələri tövsiyə edilir. Çünki bəzi hallarda təyyarənin əyləncə sistemi işləməyə və ya əlçatan olmaya bilər.
Barbara Baçilyeri ekipaj üzvləri üçün tətbiq olunan daxili qaydalardan da danışıb. Onun sözlərinə görə, forma geyinən stüardessalara ictimai yerlərdə sevgi nümayiş etdirmək, siqaret çəkmək, elektron siqaretdən istifadə etmək və ya spirtli içki qəbul etmək qadağandır. Həmçinin onlara minik qapısı yaxınlığında qəhvə içmək və saqqız çeynəmək də icazə verilmir.
Mütəxəssislər qeyd edirlər ki, təyyarədə rahat və təhlükəsiz səyahət üçün yalnız rahat yer seçmək kifayət deyil. Gigiyena qaydalarına əməl etmək, digər sərnişinlərin rahatlığını nəzərə almaq və ekipajın tövsiyələrinə riayət etmək də vacib amillərdən biridir.
təyyarə uçuş travelMənbə: lent.az