Bir çox insan yay aylarında rahat hesab etdiyi ayaqqabıları seçir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi yay ayaqqabıları uzunmüddətli istifadə zamanı ayaq sağlamlığına ciddi zərər vura bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkimlərin fikrincə, yay mövsümündə ən təhlükəli ayaqqabı növlərindən biri şlapançılardır. Ayağın bu ayaqqabılarda kifayət qədər sabitlənməməsi yıxılma və müxtəlif zədələnmələr riskini artırır. Bundan əlavə, onların düz və sərt altlığı ayaqların daha tez yorulmasına səbəb olur.
Mütəxəssislər bildirirlər ki, şlapançıların daimi istifadəsi ayaqda qabar və döyənəklərin yaranmasına gətirib çıxara bilər. Bunun əsas səbəbi ayağın qayışlarla davamlı sürtünməsidir. Eyni zamanda, amortizasiya sisteminin olmaması oynaqlara və onurğaya düşən yükü artırır ki, bu da zamanla bel, diz və ayaq ağrılarına səbəb ola bilər. Şlapançıların hazırlanmasında istifadə olunan keyfiyyətsiz materiallar isə bəzi insanlarda allergik reaksiyalar və dəri qıcıqlanması yarada bilər.
Ekspertlər düz altlıqlı sandalların və balet ayaqqabılarının da tez-tez geyinilməsini məsləhət görmürlər. Bu cür ayaqqabılar yerimə zamanı ayaqları zərbələrdən kifayət qədər qorumur və nəticədə oynaq ağrılarının yaranmasına səbəb ola bilər. Uzun müddət istifadə edildikdə isə dayaq-hərəkət sistemində problemlərin yaranma riski artır.
Həkimlər yay mövsümündə daban hündürlüyü 4 santimetrdən çox olan ayaqqabılara da ehtiyatla yanaşmağı tövsiyə edirlər. Hündür dabanlar ayağa düşən yükün qeyri-bərabər paylanmasına səbəb olur ki, bu da oynaq deformasiyası və xroniki ağrılarla nəticələnə bilər.
Qapalı ayaqqabılar arasında isə düz altlıqlı idman ayaqqabıları və kedlər riskli hesab olunur. Mütəxəssislərin sözlərinə görə, belə ayaqqabılar ayaqların həddindən artıq isinməsinə səbəb ola bilər ki, bu da müxtəlif infeksiyaların inkişafı üçün əlverişli şərait yaradır.
Bundan başqa, onlar ayaq qövsünü kifayət qədər dəstəkləmədiyindən yastıpəncəlik və digər ortopedik problemlərin yaranma riskini artırır.
Həkimlər ayaqqabı seçərkən rahatlıqla yanaşı, ayağın düzgün dəstəklənməsinə, materialın keyfiyyətinə və altlığın amortizasiya xüsusiyyətlərinə də diqqət yetirməyi tövsiyə edirlər.
Sosial yay ayaqqabıları təhlükəli ayaqqabıMənbə: lent.az