Dünya şöhrətli ulduz Şakira, Braziliyanın Rio-de-Janeyro şəhərindəki məşhur Kopakabana çimərliyində verdiyi möhtəşəm pulsuz konsertlə tarixə düşüb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, təxminən 2 milyon insanın qatıldığı gecə həm musiqisi, həm də səs-küylü etirazları ilə dünya gündəminə çevrilib.
Gecənin ən çox danışılan məqamı Şakiranın pərəstişkarlarının onun keçmiş həyat yoldaşı, futbolçu Jerard Pikeyə qarşı nümayiş etdirdiyi kütləvi reaksiya olub. 2 milyonluq izdiham ritm tutaraq eyni anda Pikenin ünvanına təhqiramiz şüarlar səsləndirib.
Şakiranı aldatdığı iddia edilən futbolçunun bu şəkildə kütləvi etiraza məruz qalması sosial mediada rekord qırıb.
49 yaşlı kolumbiyalı ulduz Braziliyanın milli rənglərini əks etdirən libasda səhnəyə çıxaraq "Hips Don’t Lie", "La Bicicleta" və "Estoy Aqui" kimi hitlərini ifa edib. Konsert zamanı göy üzündə dronlarla sənətçinin portreti yaradılıb, 1.345 kvadratmetrlik nəhəng səhnədə ona Anitta və Caetano Veloso kimi braziliyalı ulduzlar müşayiət edib. Sənətçi gecə boyunca 10 fərqli kostyum dəyişərək vizual şou göstərib.
Rio-de-Janeyro bələdiyyəsinin verdiyi məlumata görə, bu nəhəng təşkilat şəhər iqtisadiyyatına 160 milyon dollardan çox gəlir qazandırıb. Turizm, otelçilik və iaşə sektorlarında böyük canlanma yaradan bu konsert, Kopakabana çimərliyinin tarixindəki ən böyük musiqi hadisələrindən biri kimi qeydə alınıb.
Şakira maqazin