Rusiyada “Rosselxoznadzor” əməkdaşları Surqut hava limanında ölkəyə qanunsuz gətirilən 140 kiloqramdan çox bitki mənşəli məhsulu müsadirə edərək məhv ediblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, may ayında mütəxəssislər 33 beynəlxalq reysi yoxlayıblar. Bitki karantini sahəsində qanunvericiliyin pozulması ilə bağlı 32 fakt aşkarlanıb.
İdxalına məhdudiyyət qoyulan məhsullar arasında nar, limon, düyü, quru və təzə ərik, qoz-fındıq, gilas və çiyələk olub. Məhsullar Tacikistan, Özbəkistan və Azərbaycandan gələn sərnişinlərin əl yüklərində, eləcə də baqajlarında aşkar edilib.
“Rosselxoznadzor” dan bildirilib ki, ümumi çəkisi 140 kiloqramdan artıq olan bütün karantin nəzarətinə aid məhsullar saxlanılıb və sahiblərinin razılığı ilə hava limanındakı xüsusi sobada yandırılaraq məhv edilib.
Qadağan olunmuş məhsulların sahibləri karantin nəzarətinə aid məhsulların ölkəyə gətirilməsi qaydalarını pozduqlarına görə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 10.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunublar.
Hadisələr dünyadan xəbərlər azərbaycanlılar Rusiya gömrükMənbə: lent.az