IMG-LOGO

Bu uşaqlar arasında qızılcaya yoluxmalar artıb - Pediatrdan xəbərdarlıq

01 Jun 2026 14:02 4 baxış
IMG
2 0

Son dövrlərdə bir çox valideyn övladının peyvənd olunmasından ehtiyat edir. Səbəb kimi, bunun bir sıra əks təsirlərinin olduğunu düşünürlər. Valideynlər peyvəndin faydasından çox zərər verdiyini zənn edib, övladlarını vaksinin “bəlasından” qorumağa çalışdıqlarını bildirirlər. Lakin pediatrların sözlərinə görə, peyvənd olunmayan uşaqlar arasında qızılca xəstəliyi daha çox artır.

Bəs görəsən, peyvəndin həqiqətən də qorxulu əks təsirləri varmı? Peyvənd olunmayan uşaqlarda qızılca halları artırmı?

Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının dosenti, həkim pediatr Nigar Bayramova Lent.az-a açıqlamasında bildirib ki, peyvəndlərin ciddi əks təsirləri son dərəcə nadirdir:

“Peyvənd vurdurmaqdan imtina etmək tendensiya halını alıb. Təəssüf ki, bu, dünya üzrə, o cümlədən Azərbaycanda da müşahidə olunur. Valideynlərin narahatlığını başa düşürəm, hər ana-ata övladı üçün ən yaxşısını istəyir. Lakin "əks təsirlər çoxdur" qorxusu əsasən sosial mediada yayılan yanlış məlumatlardan qaynaqlanır. Elmi həqiqət isə bundan çox fərqlidir. Peyvəndlərin ciddi əks təsirləri son dərəcə nadirdir. Qızartı, kiçik şişkinlik və ya bir neçə günlük hərarət, bunlar əks təsir yox, immun sisteminin normal cavabıdır. Peyvəndin verdiyi qorunma isə həmin kiçik narahatlıqla müqayisə olunmaz dərəcədə böyükdür”.

Pediatr qeyd edib ki, peyvənd olunmayan uşaqlarda qızılca halları artıb:

“Qızılca peyvəndi olmayan uşaqlarda xəstəliyə tutulma riski dəfələrlə yüksəkdir. Son dövrdə qızılca hallarını görməyə başlamışıq. Həmin uşaqların böyük əksəriyyəti ya peyvənd olunmayıb, ya da peyvənd cədvəlini natamam keçib. Bu məni həm pediatr, həm də ana kimi çox narahat edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son illərdə qızılca halları qlobal səviyyədə kəskin artıb və bu artımın əsas səbəbi peyvənd əhatəsinin azalmasıdır. Azərbaycanda da biz pediatrlar klinikalara müraciətlərdə bu dəyişikliyi hiss edirik. Qızılca sadəcə səpgi xəstəliyi deyil ağciyər və beyin iltihabı, hətta ölümlə nəticələnə bilən ciddi bir infeksiyadır”.

Həkim qeyd edib ki, peyvəndlə bağlı ən geniş yayılmış mif onun autizmə səbəb olmasıdır:

“Bu iddia 1998-ci ildə bir tədqiqatçı tərəfindən irəli sürülüb. Lakin həmin tədqiqat saxta məlumatlar əsasında yazıldığı üçün elmi jurnaldan geri çəkilib və müəllif tibb lisenziyasını itirib. O vaxtdan bu yana milyonlarla uşaq üzərində aparılmış onlarca müstəqil tədqiqat bu iddianın tamamilə əsassız olduğunu sübut edib. Digər bir mif “uşaq xəstəliyi keçirməklə daha güclü immunitet qazanır”, bu da yanlışdır. Xəstəlik keçirmək immuniteti gücləndirmir, əksinə uşağı ciddi fəsadlar riskinə məruz qoyur. Peyvənd isə xəstəlik yaranmadan, ağırlaşma olmadan immunitet formalaşdırır. Bu, müasir tibbın ən böyük nailiyyətlərindən biridir.

Valideynlərə bildirmək istəyirəm ki, şübhələri yarananda sosial mediaya deyil, həkimə müraciət edin. Biz buradayıq suallarınızı cavablandırmağa, qorxularınızı birlikdə aradan qaldırmağa hazırıq. Uşaqlarınızı qorumaq üçün əlimizdəki ən güclü vasitəni peyvəndi istifadə edək”.

qızılca peyvənd Həkim-pediatr peyvəndin faydaları

Mənbə: lent.az

Xəbər lenti