Hörmüz boğazı vasitəsilə tədarükün böyük ölçüdə itirilməsinə cavab olaraq qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA), Beynəlxalq Valyuta Fondunun (BVF), Dünya Bankı Qrupunun (DBQ) və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbərləri arasında mayın 28-də keçirilən görüşün yekunlarında dair bəyanatda vurğulanıb.
Qeyd edilib ki, Yaxın Şərqdəki müharibə müxtəlif ölkələr və regionlar üzrə enerji təchizatına, ərzaq təhlükəsizliyinə və iqtisadi fəallığa əhəmiyyətli və olduqca qeyri-mütənasib təsirlər göstərir.
"Eyni zamanda, Hörmüz boğazı vasitəsilə tədarükün böyük ölçüdə itirilməsinə cavab olaraq qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir. Əgər gəmiçilik axını normal vəziyyətə qayıtmasa, Şimal yarımkürəsində yayda neftə olan pik tələbat ərəfəsində qlobal neft ehtiyatlarının bu cür sürətlə azalmasının davam etməsi yanacaq təhlükəsizliyi, bazar şərtləri və daha geniş iqtisadi dözümlülük üçün artan risklər yaradacaq", - bəyanatda qeyd edilib.
Bəyanatda həmçinin gübrə tədarükü zəncirlərinin, enerji və iqtisadi sahədəki proseslərin, eləcə də siyasi cavab tədbirlərinin yaxından izlənilməsinin vacibliyi vurğulanıb.
Mənbə: report.az