"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində 170 min hektar sahəyə müasir suvarma sistemlərinin tətbiqinin hədəflənməsi daxili bazarda bolluğa və ixrac bazarlarında isə Azərbaycan məhsullarının rəqabət üstünlüyünün güclənməsinə təkan verəcək.
Bunu "Report"a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn deyib.
Onun sözlərinə görə, yeni qəbul edilən Dövlət Proqramı meyvə-tərəvəz sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:
"Məlum olduğu kimi, Azərbaycanın meyvə-tərəvəz, bostan məhsulları üzrə özünütəminetmə səviyyəsi 100 %-i ötüb və ölkənin aqrar ixracında da bu məhsullar mühüm paya sahibdirlər. Yeni qəbul edilən Dövlət Proqramı isə meyvə-tərəvəz sektorunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, 2030-cu ilə kimi intensiv və superintensiv meyvə bağlarının sahəsinin 20 min hektar, müasir istixana komplekslərinin həcminin isə 500 hektar artırılması qarşıya məqsəd qoyulub. Yeni intensiv və superintensiv meyvə bağlarının salınması birbaşa məhsuldarlığın yüksəldilməsinə və ixrac potensialının genişləndirilməsinə xidmət edəcək. Bu isə öz növbəsində kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının həcminin orta illik 6 % artması hədəfinin reallaşmasına töhfə verəcək".
R.Hüseyn bildirib ki, ötən il qeyri-neft sektoru üzrə ixracın ilk onluğunda yer alan məhsulların yarısı kənd təsərrüfatı məhsulları olub: "Belə ki, 2025-ci ildə Azərbaycandan 193 milyon ABŞ dolları dəyərində pomidor (siyahıda ikinci yer), 170 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi (dördüncü yer), 160 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı (beşinci yer), 144 milyon ABŞ dolları dəyərində xurma (altıncı yer) və 111 milyon ABŞ dolları dəyərində şaftalı (səkkizinci yer) ixrac edilib. Başqa sözlə, ilk onluqda təmsil olunan məhsulların ümumi ixrac dəyərinin təxminən yarısı kənd təsərrüfatı məhsullarına məxsusdur. Müasir istixanaların, intensiv və superintensiv meyvə bağlarının sahələrinin də genişlənməsi bu sahədə ixracın artmasında xüsusi rol oynayacaq".
O həmçinin əlavə edib ki, Dövlət Proqramı çərçivəsində böyük ərazidə müasir suvarma sistemlərinin quraşdırılması planlaşdırılır: "Bu kontekstdə 170 min hektar sahəyə müasir suvarma texnologiyalarının tətbiqinin hədəflənməsi kənd təsərrüfatında su ehtiyatlarından optimal istifadəyə və məhsuldarlığın yüksəlməsinə xidmət etməklə yanaşı, daxili bazarda bolluğa və ixrac bazarlarında rəqabət üstünlüyümüzün güclənməsinə təkan verəcək. Burada vacib bir nüansı da qeyd etmək lazımdır ki, yeni Dövlət Proqramı çərçivəsində göstərilən hədəflərə çatmaq üçün dövlətlə bərabər özəl sektorun da prosesə daha fəal şəkildə cəlb olunması istiqamətində addımlar atılacaq. Bu məqsədlə Dövlət Proqramı çərçivəsində yatırılacaq investisiyanın 63 %-inin özəl sektor vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub".
Mənbə: report.az