Azərbaycanda 2030-cu ilə qədər kənd təsərrüfatı üzrə istehsaldakı artım dinamikasının 2 %-dən yuxarı olacağı hesablanıb.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
Nazir qeyd edib ki, təxmini hesablamalar göstərir ki, bu beş il ərzində kənd təsərrüfatı sektoruna Dövlət Proqramı çərçivəsində 5,9 milyard manat vəsaitin investisiya kimi qoyulması gözlənilir: "Bunun 2,2 milyard manatının dövlət dəstəyi olunması nəzərdə tutulur. Qalan 3,7 milyard manatın isə özəl sektor tərəfindən yatırılması gözlənilir. Bu investisiyalar və bu Dövlət Proqramının tətbiq olunması əsasında gözlənilən iqtisadi təsirlərə dair qeyd etmək istəyirəm ki, 2030-cu ilə qədər kənd təsərrüfatı üzrə istehsaldakı artım dinamikasının 2 %-dən yuxarı olacağı hesablanıb.
İxrac artımının 6 %-dən yüksək olması gözlənilir. Çox mühüm bir məqama diqqətinizi cəlb etmək istəyirəm ki, bu proqram çərçivəsində infrastruktur və bünövrə işləri kənd təsərrüfatında olduqca geniş vüsət alacaq. Bunlar təşkil olunacaq və görüləcək bir çox işlər - intensiv bağçılıq, istixanaların inkişaf etdirilməsi, müasir suvarma sistemlərinin qurulması, suvarma şəbəkələrinin genişləndirilməsi – bütün bunlar öz təsirini 2030-cu ildən sonra daha uzun müddətə göstərməsi üçün hesablanıbdır".
M. Məmmədovun sözlərinə görə, balıqçılıqla bağlı akvakulturanın inkişaf etdirilməsi əsas hədəflərdən biridir: "Akvakulturada istehsal olunan balıq həcminin 2030-cu ilə qədər iki dəfədən çox artırılması əsas hədəf olaraq qarşımıza qoyulmuşdur. Eyni zamanda, buna biz ilk dəfə olaraq ölkədə balıqçılıq sahəsində subsidiyaların və dövlət güzəştlərinin verilməsi ilə nail olmağa çalışacağıq. Həmçinin, balıqartırma zavodlarının inşası da nəzərdə tutulub".
Mənbə: report.az