IMG-LOGO

Kobaxidze: ABŞ ilə münasibətlərin bərpasının mümkünlüyünə inanırıq

25 May 2026 13:35 2 baxış
IMG

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ ilə münasibətlərin yenidən qurulmasının mümkün olduğunu bildirib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, hökumət başçısı bu gün keçirdiyi mətbuat konfransında qeyd edib ki, Vaşinqtonla son dövrlərdə bir neçə dəfə təmas baş tutub və bu ünsiyyət Tbilisinin nikbinliyini artırıb.

"Cənab Rubio (ABŞ Dövlət katibi-red.) da daxil olmaqla, bir neçə dəfə rəsmilərlə ünsiyyətimiz oldu və bütün bunlar Gürcüstan-Amerika münasibətlərini yenidən qurmağın mümkün olduğuna inamımızı gücləndirir", - deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, hakimiyyət ABŞ ilə strateji tərəfdaşlığın bərpasına hazırdır və bu istiqamətdə "təmiz səhifədən" əməkdaşlıq təklif edir: "Biz əvvəldən bəyan etmişik ki, əvvəlki administrasiya dövründə dayandırılmış strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında yenidən bərpa etməyə hazırıq".

İ.Kobaxidze qeyd edib ki, Gürcüstan tərəfi ABŞ administrasiyasının mövqeyini və maraqlarını diqqətlə izləyir. Onun sözlərinə görə, Dövlət Departamentinin Avropa və Asiya məsələləri üzrə nümayəndəsi Peter Andreolinin Gürcüstana səfəri zamanı tərəflər detallı müzakirələr aparacaqlar.

Baş nazir əlavə edib ki, hakimiyyət Gürcüstan cəmiyyətinin dəstəyini hiss edir və ABŞ ilə münasibətlərdə müşahidə olunan "müsbət tendensiyaları" yüksək qiymətləndirir.

"Müxalifət müsbət tendensiyalardan narahatdır. Biz isə bu proseslərdən məmnunuq və hadisələrin inkişafını sakit şəkildə gözləyə bilərik", - deyə Kobaxidze vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti