IMG-LOGO

"Qəbələ" rəsmisi Səbuhi Səfiyarlı: "Mingəçevir" xarakterli komandadır, asan oyun gözləmirik"

25 May 2026 13:38 3 baxış
IMG

"Qəbələ"nin Misli Premyer Liqasında qalmaq uğrunda "Mingəçevir"lə keçirəcəyi pley-off oyunu heç də asan olmayacaq.

Bunu "Report"a açıqlamasında Qəbələ təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.

Klub rəsmisi "Mingəçevir"in xarakterli kollektiv olduğunu söyləyib:

"Məşqçilərimiz və analitiklərimiz rəqibi diqqətlə təhlil edirlər. Premyer Liqanın digər matçlarına necə hazırlaşırdıqsa, buna da o şəkildə ciddi yanaşırıq. Hər şey qaydasındadır. "Mingəçevir" çempionatın son turlarında göstərdiyi oyunla diqqət çəkdi. Baxmayaraq ki, arada böyük xal fərqi yaranmışdı, onlar sona qədər döyüşərək bunu aradan qaldırdılar. Xarakterli komanda olduqlarını sübut etdilər".

S.Səfiyarlı oyunun keçiriləcəyi "SOCAR Polymer Arena" və yaradılan şəraitdən məmnunluğunu ifadə edib:

"Nominal meydan sahibi olsaq da, stadion artıq müəyyənləşib. Əsas odur ki, təbii örtüklü və işıqlandırma sistemi olan meydanda oynayacağıq. Yaxşı futbol nümayiş etdirmək üçün hər cür şərait var. Komandamız oyuna ciddi hazırlaşır".

İdman direktoru "Qəbələ"nin kağız üzərində favorit göstərilməsinə baxmayaraq, rəqibə böyük hörmətlə yanaşdıqlarını vurğulayıb:

"Bu, cəmi bir oyundan ibarət olan vacib qarşılaşmadır. Futbolda hər şey ola bilər. Düzdür, bəlkə də hazırda çoxları bizi kağız üzərində favorit hesab edirlər. Amma meydanda heç də həmişə favoritlər qalib gəlmir. Bizi asan oyun gözləmir. Matça maksimum məsuliyyətlə yanaşmaq lazımdır. Əsas məqsəd Premyer Liqada yerimizi qorumaqdır".

Qeyd edək ki, "Qəbələ" - "Mingəçevir" matçı mayın 28-də, saat 18:30-da "SOCAR Polymer Arena"da start götürəcək.

Mənbə: report.az

Xəbər lenti