Afrikaya genişmiqyaslı infrastruktur və iqtisadi layihələrin həyata keçirilməsi üçün təxminən 1,6 trilyon dollar investisiya lazımdır.
"Report"un məlumatına görə, bunu Sudanın Azərbaycandakı səfiri Anas Əltayeb Əlqeylani Mustafa Bakıda " Afrika Günü 2026: Yüksələn qitə, yeni tərəfdaşlıqlar" mövzusunda konfransda bildirib.
"Afrikaya təxminən 1,6 trilyon dollar investisiya lazımdır. Biz bu vəsaitləri Şimal-Cənub və Cənub-Cənub əməkdaşlığı vasitəsilə cəlb etməyi, həmçinin qitənin nəhəng təbii resurslarından maksimum səmərəli istifadə etməyi planlaşdırırıq", - o qeyd edib.
Diplomatın sözlərinə görə, Afrika artıq dayanıqlıq və innovasiya potensialı nümayiş etdirir, lakin qitənin gələcək inkişafı xammal ixracından əlavə dəyər yaradılmasına, sənayeləşməyə və iqtisadiyyatda inklüziv iştirakın genişləndirilməsinə keçiddən asılı olacaq.
O vurğulayıb ki, qitədə rəqəmsal innovasiya ekosistemləri, infrastruktur dəhlizləri və bərpa olunan enerji sahəsində layihələr fəal şəkildə inkişaf edir.
Bundan başqa, Afrika Qitəsi Azad Ticarət Zonası sayəsində regiondaxili ticarət artır.
"Afrika borc yükü, xarici iqtisadi sarsıntılar, gənclər arasında yüksək işsizlik səviyyəsi, xammal ixracından asılılıq, iqlim dəyişikliyinin nəticələri və infrastrukturun maliyyələşdirilməsindəki çatışmazlıq kimi bir sıra ciddi çağırışlarla üzləşməyə davam edir", - o qeyd edib.
Səfir həmçinin qitənin dayanıqlı inkişafına nail olmaq üçün regional inteqrasiyanın dərinləşdirilməsinin, insanların, malların və xidmətlərin sərbəst hərəkətinin, eləcə də beynəlxalq tərəfdaşlar və özəl sektorla əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Mənbə: report.az