IMG-LOGO

Bakıda 345 kilometrlik kanalizasiya kollektoru tikiləcək

23 May 2026 12:17 2 baxış
IMG
0 0

"Layihə çərçivəsində 12 istiqamət üzrə ümumilikdə təxminən 345 kilometr uzunluğunda yeni kanalizasiya və yağış kollektorlarının tikintisi planlaşdırılır. Bu layihələrdən artıq yeddisinin icrasına başlanılıb və işlər hazırda davam etdirilir".

Lent.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov APA-ya müsahibəsində deyib.

Sədr müavini bildirib ki, tullantı və yağış suları infrastrukturunun yenilənməsi isə geniş təhlillər, qiymətləndirmə və planlaşdırma işləri tələb edən məsələdir:

"Son 45–50 il ərzində Bakı şəhəri və Abşeron yarımadasında əhali sayı və məskunlaşma səviyyəsi iki dəfədən çox artıb. Təbii ki, artan əhalinin içməli su ilə təminatı istiqamətində müstəqillik dövründə, xüsusilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında mühüm layihələr həyata keçirilib. Bu layihələr Bakı və Abşeron yarımadasının su təminatının gücləndirilməsinə ciddi töhfə verib.

Tullantı və yağış suları infrastrukturunun yenilənməsi isə geniş təhlillər, qiymətləndirmə və planlaşdırma işləri tələb edən məsələdir.

Bildiyiniz kimi, Bakı şəhərinin Baş Planı təsdiq olunduqdan sonra artıq yağış və tullantı suları infrastrukturunun, həmçinin su mənbələrinin və su təminatının artırılması ilə bağlı Dövlət Proqramı hazırlandı və qeyd etdiyiniz kimi, “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” cənab Prezidentin müvafiq sərəncamı ilə təsdiq edildi.

Dövlət Proqramı çərçivəsində həm içməli su təchizatının yaxşılaşdırılması, həm də tullantı və yağış sularının idarə olunması infrastrukturunun gücləndirilməsi, eyni zamanda, su sektorunda təbii fəlakət risklərinin və ekoloji dayanıqlığın idarə edilməsinin təmini nəzərdə tutulur. Artıq bu istiqamətdə işlərə başlanılıb".

İlham Bayramovun sözlərinə görə, layihə çərçivəsində 12 istiqamət üzrə ümumilikdə təxminən 345 kilometr uzunluğunda yeni kanalizasiya və yağış kollektorlarının tikintisi planlaşdırılır:

"Bu layihələrdən artıq yeddisinin icrasına başlanılıb və işlər hazırda davam etdirilir.

Eyni zamanda Bakı şəhərində bir neçə yeni su təmizləyici qurğu kompleksinin tikintisi və yenidən qurulması nəzərdə tutulur. Həmin layihələrdən biri də yenidən qurulması planlaşdırılan Hövsan Aerasiya Qurğusudur.

Hövsan Aerasiya Qurğusunun yenidən qurulması layihəsi üzrə texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması məqsədilə Asiya İnkişaf Bankı ilə birgə işlər həyata keçirilib. Layihə çərçivəsində qurğunun tam şəkildə yenidən qurulması nəzərdə tutulur.

Bununla yanaşı, Dövlət Proqramı çərçivəsində Bakı şəhəri və Abşeron yarımadasında içməli su təchizatı və kanalizasiya şəbəkəsinin genişləndirilməsi həyata keçiriləcək. Nəticədə su təchizatının fasiləsiz rejimə keçirilməsi və içməli suya olan tələbatın 95% ödənilməsi təmin olunacaq.

Eyni zamanda, Bakı şəhərinin 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması, həmçinin yağış sularının idarə olunması məqsədilə şəhərin 30 əsas küçə və prospektində yeni kollektorların inşası nəzərdə tutulur.

Dövlət Proqramının icrası nəticəsində su mənbələrinin optimallaşdırılması hesabına Bakı şəhəri və Abşeron yarımadası üzrə su təchizatının 8,2 kubmetr/saniyə artırılması, sayğaclaşma səviyyəsinin 100%-ə çatdırılması, eləcə də su itkilərinin 20%-ə endirilməsi planlaşdırılır".

ADSEA kanalizasiya içməli su kollektor yağış

Mənbə: lent.az

Xəbər lenti