Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təsis olunmuş "Bakı Şəhərsalma Mükafatı" Meksikada keçiriləcək növbəti forumda təqdim olunacaq.
Bunu "Report"a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
"Nüfuzlu dünya memarlarından ibarət münsiflər heyəti yaradılacaq. Xüsusilə mənzil təminatına üstünlük verilən ən yaxşı şəhərsalma layihələri qiymətləndirilərək mükafatlandırılacaq. Bakıda keçirilən forumun təşkili artıq beynəlxalq səviyyədə nümunə kimi qəbul olunur. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) "Bakı standartları" anlayışını qəbul edib. Bu, mənim və təşkilatın icraçı direktorunun birlikdə imzaladığı niyyət məktubunda əksini tapıb", - deyə o qeyd edib.
A. Quliyev əlavə edib ki, həmin standartlar əsasında gələcək ev sahibi ölkələr üçün xüsusi təlimatlar hazırlanacaq: "UN-Habitat ilə birlikdə bu sənəd üzərində iş aparılacaq. Meksikanın da bizdən istəyə biləcəyi hər hansı dəstəyi göstərməyə hazır olduğumuzu artıq elan etmişik".
Mənbə: report.az