BMT Baş katibinin müavini Amina Mohammed qlobal geosiyasi gərginlik və münaqişələr şəraitində forumun əhəmiyyətini vurğulayaraq, WUF13-ün uğurla keçirilməsinə görə Azərbaycana minnətdarlığını bildirib.
"Report" xəbər verir ki, o, bu barədə forumun Bakıda keçirilən yekun mətbuat konfransında bildirib.
"Liderlərimizin diqqətinin əhəmiyyətli hissəsini zəbt edən geosiyasi gərginliyi, təlatümləri və münaqişələri nəzərə alaraq, bu genişmiqyaslı uğuru qiymətləndirməmək olmaz. Bu forum Ümumdünya Şəhərsalma Forumunun dayanıqlı urbanizasiya və yaşayış məskənlərinin inkişafı üzrə niyə əsas qlobal platforma olaraq qaldığını bir daha nümayiş etdirdi. O, möhtəşəm qadın Anaklaudia Rossbaxın rəhbərliyi altında keçirilir və hökumətləri, vətəndaş cəmiyyətini, özəl sektoru, yerli xalqları, iqlim fəallarını, akademik ictimaiyyəti, inkişaf banklarını, gəncləri, qadın təşkilatlarını, yerli icmaları və BMT sistemini ortaq şəhər gələcəyi ətrafında birləşdirir", - Amina Mohammed bildirib.
Onun sözlərinə görə, forum iştirakçıları inklüziv, dayanıqlı və insan ləyaqətinə yönəlmiş icmaların və şəhərlərin yaradılması üzərində birgə işləmək üçün yenilənmiş qətiyyətlə Bakını tərk edirlər.
Mənbə: report.az