Böhranlardan və münaqişələrdən sonra bərpa təkcə mənzil tikintisini deyil, həm də iş və icmaların inkişafı üçün şəraitin yaradılmasını əhatə etməlidir.
"Report" xəbər verir ki, bu barədə "Habitat for Humanity International"ın mənzillərin dayanıqlığı və bərpası üzrə beynəlxalq sahə əməliyyatları direktoru Mario Flores Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, yaşayış yerinə yalnız fiziki məkan kimi deyil, həm də cəmiyyətin inkişafının mühüm aləti kimi baxmaq lazımdır.
Flores qeyd edib ki, yaşayış yeri təkcə "dörd divar və dam"ın olması ilə deyil, həm də xidmətlərə əlçatanlıq, uşaqların təhsili və icmaların formalaşması ilə bağlıdır.
"Ev, ailənin pul qazana, iş axtara və iqtisadi fəallığı inkişaf etdirə biləcəyi bir bazaya çevrilə bilər", - deyə o bildirib.
Flores vurğulayıb ki, hətta ən ağır şəraitdə, o cümlədən Qəzzadakı vəziyyətdə belə, bərpa işləri yalnız evlərin tikintisi ilə məhdudlaşa bilməz.
"Yalnız yaşayış yerlərinin bərpası barədə düşünmək olmaz. Tamdəyərli icmaları, xidmətləri, yaşayış və iş imkanlarını bərpa etmək lazımdır", - deyə o qeyd edib.
Onun sözlərinə görə, əmlak hüquqlarının təsdiqlənməsi bunun üçün başlanğıc nöqtəsi olaraq qalır.
Ekspert əlavə edib ki, böhranlardan sonra icmaların bərpası və əhalinin digər hüquqlarının reallaşdırılması üçün əsası məhz əmlak hüquqlarının təsdiqi və qorunması yaradır.
Mənbə: report.az