Kolumbiyada 52 yaşlı Yuliksa Konsuelo Toloza plastik əməliyyatdan sonra yoxa çıxıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, Boqotada yerləşən estetik cərrahiyyə klinikasına getdikdən sonra itkin düşüb. Prosedurdan altı gün sonra qadının meyiti ucqar ərazidə tapılıb, hüquq-mühafizə orqanları isə bir neçə şübhəlini saxlayıb.
Mayın 13-də qadın “Beauty Laser ML” klinikasına müraciət edib və ona lazer lipolizi əməliyyatı aparılıb. Əməliyyatdan sonra Yuliksanı götürmək üçün rəfiqəsi klinikaya gəlsə də, müəssisə əməkdaşları pasiyentin guya artıq təkbaşına çıxıb getdiyini bildiriblər.
Daha sonra müstəntiqlər müşahidə kameralarının görüntülərini əldə ediblər. Kadrlarda iki kişinin qadını avtomobilə apardığı görünür. Şahidlərdən biri yerli mediaya bildirib ki, Yuliksa çox solğun olub, dodaqları və dərisi isə bənövşəyi rəngə çalırmış.
Videoda görünən avtomobil mayın 18-də Venesuela sərhədi yaxınlığındakı Kukuta şəhərində tərk edilmiş vəziyyətdə tapılıb. Həmin gün Venesuela vətəndaşları Xesus Ernandes Morales və Kelvis Sekera Delqado saxlanılıb. İstintaq hesab edir ki, onlar qadını Boqotadan Kukutaya aparıblar.
Növbəti gün Yuliksanın meyiti Apulo kəndi ərazisində aşkarlanıb. Yerli medianın məlumatına görə, hüquq-mühafizə orqanları saxlanılan şübhəlilərdən əldə edilən məlumatlar sayəsində meyitin yerini müəyyən edə biliblər.
Daha sonra Venesuelada bu iş üzrə daha üç nəfər saxlanılıb. Onlar klinikanın sahibi Maria Fernanda Delqado Ernandes, onun tərəfdaşı Edinson Xose Torres Sarmiento və istintaqın versiyasına görə əməliyyatı həyata keçirən Eduardo David Ramosdir.
Boqota meri Karlos Fernando Qalan hadisənin həkim səhlənkarlığı yox, qətl olduğunu bildirib.
Həlak olan qadının əmisiqızı Moreliya Davila deyib ki, Yuliksa ailəsinə plastik əməliyyat etdirmək planından danışmayıb. Qadının ABŞ-da yaşayan anası və qardaşı var.
Hadisələr estetik əməliyyat Kolumbiya plastik əməliyyat qətl kriminal xəbərlərMənbə: lent.az