Vaşinqtonun administrasiya rəhbəri Donald Tramp 2032-ci ilə qədər ABŞ prezidenti olaraq qalacağını ümid edir.
"Report" xəbər verir ki, bu barədə Tramp Konnektikut ştatının Qroton şəhərində yerləşən Sahil Mühafizəsi Akademiyasının məzunları qarşısında çıxışı zamanı deyib.
"Mən burada 28-ci ildə (2028 - Qeyd) olacağam və bəlkə də 32-ci ildə (2032-Qeyd) burada olacağam. Bilmirəm. Bəlkə də olacağam", - deyə Amerika lideri bildirib.
O, ABŞ hökumətinin ən yüksək vəzifəsini 2032-ci ilə qədər saxlaya biləcəyi ehtimalına istinad edib. Qanuna görə, Trampın prezident kimi ikinci müddətinin 2029-cu ilin yanvarında başa çatması planlaşdırılır.
1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin iki müddətlə vəzifədə qalmasını məhdudlaşdırır. Buna baxmayaraq, hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə yenidən seçilmək ehtimalını qaldırıb. Bundan əlavə, prezidentin keçmiş əsas siyasi strateqi Stiv Bennon da ötən payız belə bir perspektivi dilə gətirmişdi.
Mənbə: report.az