IMG-LOGO

Nigar Məmmədova: Azərbaycan yaşıl logistika sahəsində mühüm körpü rolunu oynaya bilər

20 May 2026 21:24 3 baxış
IMG
0 0

İqlim dəyişiklikləri, iqtisadi çağırışlar və qlobal təchizat zəncirlərində yaranan risklər fonunda yaşıl logistika artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik, regional əməkdaşlıq və dayanıqlı inkişaf məsələsinə çevrilib. Lent.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova WUF13 çərçivəsində keçirilən dəyirmi masada çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, dövlətlər davamlı inkişaf barədə danışmaqla kifayətlənməməli, siyasət, biznes, innovasiya və beynəlxalq tərəfdaşlığı birləşdirən real mexanizmlər formalaşdırmalıdır.

Deputat qeyd edib ki, yaşıl təchizat zənciri və Afrika qitəsi ilə inteqrasiya mövzusu müasir dövrdə xüsusi aktuallıq daşıyır. O vurğulayıb ki, qlobal iqlim dəyişiklikləri və sürətlənmiş urbanizasiya şəraitində logistika artıq yalnız yükdaşımaları deyil, həm də karbon emissiyaları, enerji səmərəliliyi, şəhər məkan bölgüsü və ədalətli regional inkişaf məsələlərini əhatə edir.

Nigar Məmmədova bildirib ki, Afrika qitəsi XXI əsrin ən perspektivli inkişaf regionlarından birinə çevrilməkdədir. Onilliklər boyu qlobal təchizat zəncirlərində periferik mövqe tutan Afrika indi sürətlə dəyişir. Əhali artımı, şəhərləşmə və infrastruktur investisiyaları qitədə yeni imkanlar yaradır.

Millət vəkilinin sözlərinə görə, rəqəmsal texnologiyalar Afrika ölkələrinə ənənəvi logistika mərhələlərini aşmaq və daha müasir sistemlər qurmaq imkanı verir. Süni intellekt, rəqəmsal izləmə platformaları və ağıllı idarəetmə sistemləri qitədə daha səmərəli və ekoloji baxımdan təmiz təchizat zəncirlərinin formalaşmasına şərait yarada bilər.

Deputat qeyd edib ki, bir sıra Afrika ölkələri artıq yaşıl liman layihələrinə və inteqrasiya olunmuş logistika platformalarına investisiya yatırır. Elektrikli çatdırılma sistemləri və bərpa olunan enerji mənbələrinin inkişafı da logistika sektorunda yeni imkanlar açır.

Nigar Məmmədova Azərbaycanın bu prosesdə mühüm tranzit və əməkdaşlıq mərkəzi ola biləcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşərək yaşıl nəqliyyat dəhlizləri və dayanıqlı ticarət üçün strateji körpü rolunu oynaya bilər.

Deputat xüsusilə Orta Dəhlizin inkişafının strateji əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu dəhliz yalnız yükdaşımaları sürətləndirmir, həm də şəhərlərin və regionların inkişaf modelini dəyişərək onları daha innovativ və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmuş mərkəzlərə çevirir.

Millət vəkili Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin də müasir şəhərsalma baxımından uğurlu model olduğunu bildirib.

O əlavə edib ki, həqiqi inteqrasiya yalnız etimad, müasir infrastruktur, rəqəmsallaşma və ətraf mühit qarşısında ortaq məsuliyyət əsasında mümkündür.

Nigar Məmmədova parlamentlərin rolunun da mühüm olduğunu vurğulayaraq bildirib ki, yaşıl qanunvericiliyin təşviqi, dayanıqlı investisiyaların dəstəklənməsi və beynəlxalq dialoqun gücləndirilməsi əsas prioritetlərdən biridir.

Deputat sonda WUF13 kimi platformaların gələcəyin şəhərlərini birlikdə qurmaq üçün mühüm əməkdaşlıq imkanları yaratdığını qeyd edib.

 

WUF13 NigarMəmmədova yaşılLogistika orta dəhliz deputat

Mənbə: lent.az

Xəbər lenti