IMG-LOGO

BMT rəsmisi: "Mənzil sektoru bütöv bir sistem yanaşması ilə qiymətləndirilməlidir"

20 May 2026 16:54 3 baxış
IMG

Təbii fəlakətlər hər il milyonlarla insanı evindən didərgin salır və ən böyük zərəri məhz mənzil sektoru görür.

"Report" xəbər verir ki, bunu BMT Baş katibinin fəlakət riskinin azaldılması üzrə xüsusi nümayəndəsi Kamal Kişor Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil davamlılığı şəhər sistemləri çətinliyi kimi" adlı tədbirin iştirakçılarına videomüraciətində bildirib.

Onun sözlərinə görə, mənzil məsələsi yalnız tikinti sahəsi kimi deyil, bütöv bir sistem yanaşması ilə qiymətləndirilməlidir: "Evlər insanların özlərini ən təhlükəsiz hiss etməli olduqları məkanlardır və dayanıqlılıq məhz buradan başlamalıdır. Risklərin yaranması təkcə təbii təhlükələrlə deyil, şəhərlərin planlaşdırılması, tikinti standartları, maliyyələşdirmə və idarəetmə qərarları ilə də bağlıdır. Mənzil sektoru nəqliyyat, enerji, su, səhiyyə, məşğulluq və sosial sistemlərlə birbaşa əlaqəlidir. Şəhər inkişafında risklərin azaldılmasına investisiya qoyuluşu edilən ən ağıllı addımlardan biridir".

BMT rəsmisi bildirib ki, dayanıqlı şəhərlərin qurulması yalnız hökumətlərin deyil, bütün tərəflərin ortaq məsuliyyətidir: "Hökumətlər riskləri nəzərə alan planlaşdırma həyata keçirməli, tikinti standartlarına nəzarəti gücləndirməli və dayanıqlılığı xüsusilə həssas qruplar üçün əlçatan etməlidir. Özəl sektor da qısamüddətli qazancdan daha çox uzunmüddətli dayanıqlılığa üstünlük verməlidir".

O vurğulayıb ki, fəlakətlərdən sonrakı bərpa prosesləri əvvəlki riskləri yenidən yaratmamalıdır: "Biz riskləri yenidən qurmağa davam edə bilmərik. Bərpa prosesi sistem problemlərinin aradan qaldırılması və daha təhlükəsiz icmaların qurulması üçün imkan olmalıdır".

Mənbə: report.az

Xəbər lenti