Mənzil təminatı dünyanın ən ciddi çağırışlarından biridir, sürətli urbanizasiya, iqlim dəyişiklikləri, artan yaşayış xərcləri və infrastruktur üzərində təzyiqlər dövlətlər qarşısında yeni vəzifələr müəyyən edir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?" mövzusuna həsr edilmiş parlament üzvlərinin dəyirmi masasında deyib.
O bildirib ki, qeyd olunan səbəbdən dayanıqlı və inklüziv şəhərlərin qurulması artıq yalnız urbanistika məsələsi deyil, bu, sosial ədalət, iqtisadi inkişaf, ekoloji təhlükəsizlik və insan rifahı məsələsidir:
"Yəni gələcək şəhərlərdə sivilizasiya səviyyəsi göydələnlərin sayı ilə deyil, hər kəsi təhlükəsiz və etibarlı evlə təmin etməyə hazır olub-olmamaları ilə ölçüləcək. Bu prosesdə parlamentlərin və parlament üzvlərinin rolu xüsusilə vacibdir. Çünki məhz parlamentlər qanunvericilik bazasını formalaşdırır, dövlət büdcəsini təsdiqləyir, hökumət üzərində nəzarəti həyata keçirir və vətəndaşların maraqlarını təmsil edir".
Deputat əlavə edib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi yenidənqurma layihələri müasir və dayanıqlı şəhərsalmanın yeni modelini formalaşdırır:
"Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, yaşıl enerji həlləri və rəqəmsal idarəetmə sistemləri gələcəyin şəhərlərinin necə qurulmalı olduğunu nümayiş etdirir. Eyni zamanda, Orta Dəhlizin inkişafı regionda yeni urban və iqtisadi transformasiya yaradır. Bu təşəbbüs şəhərlərin inkişafına, logistika imkanlarının genişlənməsinə və beynəlxalq əməkdaşlığın güclənməsinə mühüm töhfə verir".
Mənbə: report.az