Mənzil əsaslı yanaşma şəhər dayanıqlılığının əsasını gücləndirir.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Asiya və Sakit Okean regionu üzrə regional direktoru Kazuko İşiqaki Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "İnteqrasiya olunmuş Şəhər Həlləri və Mənzil üçün İnsan Təhlükəsizliyindən İstifadə - BMT-nin Birgə Fəaliyyətindən Dərslər" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliyindən zərər çəkmiş şəhərlərdə davamlılığın təmin edildiyi qeyri-rəsmi yaşayış məntəqələrinin modernləşdirilməsindən tutmuş, mənzil əsaslı bərpa proseslərinə qədər bütün regionda bənzər dərslər ortaya çıxır: "Onlar göstərir ki, mənzil siyasəti insanı mərkəzdə saxlayan daha geniş şəhərsalma strategiyalarına daxil edildikdə ən yüksək səmərəni verir. Bu "Vahid BMT" tədbiri kimi platformalar bu səylərdə mühüm əhəmiyyət kəsb edir. Onlar bizə regionlararası təcrübələri əlaqələndirməyə, qlobal çərçivələri yerli təcrübə ilə birləşdirməyə və bu işin asılı olduğu tərəfdaşlıqları gücləndirməyə imkan verir. UN-Habitat BMT-nin İnsan Təhlükəsizliyi üzrə Etimad Fondu, BMT tərəfdaşları, həmçinin BMT-nin Rezident Əlaqələndiricisinin rəhbərliyi altında ölkə qrupu, üzv dövlətlər və Asiya və Sakit Okean regionundakı şəhərlərlə tam şəkildə əməkdaşlıq etmək əzmindədir. Biz daha təhlükəsiz, daha inklüziv və daha davamlı şəhər gələcəyinə töhfə verən mənzil əsaslı, insan yönümlü həlləri irəli aparmağa sadiqik".
Mənbə: report.az