Şəhərlərdə həyat keyfiyyəti müzakirə edilərkən əsas diqqət təkcə şəhər infrastrukturuna və ictimai məkanlara deyil, həm də təhlükəsizlik və layiqli yaşayış şəraiti daxil olmaqla, evlərin öz daxilindəki şəraitə yönəldilməlidir.
"Report" xəbər verir ki, bu barədə "Habitat for Humanity International" təşkilatının Yaxın Şərq və Şimali Afrika regionu üzrə şəhər siyasəti, tədqiqatlar və advokasiya üzrə baş meneceri Dina Xalil (Deena Khalil) Bakıda WUF13 çərçivəsində keçirilən "Öhdəliklərdən təsirə - şəhərlərdə həyat keyfiyyətinin birgə kompleks yaxşılaşdırılması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, şəhərlərdə həyat keyfiyyətinin aşağı olması qavrayışı tez-tez məhz ev səviyyəsində - təhlükəsiz və layiqli mənzilə, eləcə də əsas xidmətlərə və sosial imkanlara çıxış vasitəsilə başlayır.
"Ev təsərrüfatlarının əhəmiyyətli hissəsi gəlirlərinin artan payını mənzilə - kirayə və ya ipoteka ödənişlərinə xərcləyir, bu da digər əsas ehtiyacları ödəmək imkanlarını azaldır və iqtisadi həssaslığı artırır", - o bildirib.
Dina Xalil qeyd edib ki, bu vəziyyət birbaşa mənzil şəraiti ilə əlaqədar olan daimi qeyri-sabitlik hissi - evdən çıxarılma, evsizlik və yoxsulluq riski yaradır.
"Elektrik enerjisi və ventilyasiya çatışmazlığı da daxil olmaqla, pis yaşayış şəraiti sağlamlığa, təhsilə və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərir. Bütün bunlar, xüsusilə qadınlar üçün mənzil sıxlığı və məxfiliyin azalması problemlərini daha da kəskinləşdirə bilər", - o əlavə edib.
Mənbə: report.az