Ankarada Azərbaycan da daxil olmaqla, 16 ölkənin iştirakı ilə 14-cü Beynəlxalq Aikido Festivalı keçirilib.
"Report"un Türkiyə bürosu xəbər verir ki, mayın 13-dən 17-dək keçirilən beynəlxalq festivala Azərbaycan Avrasiya Aikido ve Budo Mərkəzinin müəllim və tələbələri qatılıb.
Türkiyə Avrasiya Aikido Federasiyasının Xarici Əlaqələr üzrə rəhbəri Tayfun Evyapan bildirib ki, festivalda ümumilikdə 400-dən çox iştirakçı iştirak edib.
Beynəlxalq festivalda aikido təlim seminarları və ustad dərsləri keçirilib. Dərslər beynəlxalq dərəcəli usta Nebi Vural tərəfindən icra olunub.
Nebi Vural bildirib ki, Aikido şərqin şiddətə "yox" deyən hərbi sənət növüdür və bu idman növü Azərbaycanda da inkişaf edir: "Aikido diplomatiya ruhunu ön planda tutmaqla, qarşındakını harmonik enerji yolu, güclü müşahidə, diqqəti yönləndirmə və düzgün nəfəs texnikası ilə problemi çözən intizam sənətidir. Azərbaycandan olan soydaşlarımızın da bu sənətə marağı məni sevindirir. 1994-cü ildən Azərbaycanla mütəmadi əlaqələrim var. Və ildən-ilə azərbaycanlılar arasında aikidoda çox müsbət göstəricilər müşhidə edirəm".
Təlimin son gününə Yaponiyanın Türkiyədəki səfiri Tamura Masami də qatılıb. Səfir bəzi aikido hərəkətləri nümayiş etdirib. T. Masami deyib ki, aikido yapon mədəniyyətinin insanlar tərəfindən tanınıb sevilməsi üçün imkanlar yaradır.
Azərbaycan Avrasiya Aikido və Budo Mərkəzinin rəhbəri, 7-cı dan qara kəmər sahibi Nazim Əliyev deyib ki, aikido idman növü Azərbaycana 90-cı illərdə gəlib və inkişaf edir: "Hər il Avrasiya Aikido Federasiyasının festivalları keçirlir. Biz də 14 ildir burada Azərbaycanı təmsil edirik".
Azərbaycan Aikido Federasiyasının Gəncə Regional Şöbəsinin rəhbəri, 7-ci dan qara kəmər sahibi Ramin Yusifov isə 32 ildir bu sahədədir: "Aikidoda şərq döyüş növü olaraq aqressivlik, sərtlik, qarşındakı ilə yarışmaq yoxdur. Enerjini düzgün yönləndirmək və qarşı tərəfə hörmət etmək baxımından əvəzsiz bir idman növüdür".
2-ci dan qara kəmər sahibi, Azərbaycanda 30-dan çox tələbənin təlimçisi olan Vüqar Musayev 14-cü Beynəlxalq Aikido Festivalına qatılan fəal tələbəsindən bəhs edib: " Kiçik yaşlardan aikido ilə məşğul olan uşaqlarda intizam, səbir, diqqət və özünəinam formalaşır. Bu festivalda iştirak edən 12 yaşlı tələbəm Gül Süleymanlıda da müsbət inkişaflar var. Az yaşının olmasına baxmayaraq Gül artıq qəhvəyi kəmərə sahibdir. Bir müəllim üçün əsas məsələ çox tələbə yox, hər tələbənin düzgün inkişafıdır".