"Yaşıl mənzil" anlayışı hələ də cəmiyyət üçün uzaq və anlaşılmaz görünür - ekspertlərə görə əsas problem məhz buradan başlayır.
"Report" xəbər verir ki, bunu BMT-nin "Global Compact" proqramının ölkə meneceri Samir Məmmədov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında deyib.
Onun sözlərinə görə, ekoloji cəhətdən dayanıqlı mənzil və infrastrukturla bağlı əsas çağırışlardan biri icmaların maarifləndirilməsidir:
"İnsanlara hansı risklərin və çağırışların mövcud olduğu, gələcəkdə onları nə gözlədiyi və tələbin necə formalaşdırılmalı olduğu izah edilməlidir. Biznes nümayəndələri ilə bu barədə danışanda onlar çox vaxt bildirirlər ki, bazarda tələb yoxdur. Bu yanaşma tamamilə əsassız deyil", - deyə o qeyd edib.
S.Məmmədov vurğulayıb ki, xüsusilə Avrasiya regionunda konsiqnasiya yolu ilə daşınmaz əmlak alışlarının artdığı bir dövrdə ilkin xərclərin düzgün bölüşdürülməsi, aşağı kommunal və texniki xidmət xərclərinin üstünlükləri son istehlakçılara kifayət qədər çatdırılmır.
O hesab edir ki, bu istiqamətdə həm yeni tələbin formalaşdırılması, həm də normativ-hüquqi mexanizmlərin yaradılması paralel şəkildə aparılmalıdır:
"Yalnız bu halda proses təbii şəkildə işləyəcək. Əks halda, fəalların və ya tənzimləyicilərin bunu məcburi tətbiq etməyə çalışdığı mənzərə yaranır", - deyə o əlavə edib.