Mənzil siyasəti Mərakeşdə yoxsulluqla mübarizənin əsas alətlərindən biridir, mənzilə əlçatanlığın təmin edilməsi isə sosial sabitliyin və ədalətin əsası kimi qiymətləndirilir.
"Report" xəbər verir ki, bu barədə Mərakeşin Ərazi Planlaşdırılması, Mənzil Təsərrüfatı və Şəhər Siyasəti Nazirliyinin mənzil tikintisi məsələləri üzrə dövlət katibi Adib Benbrahim Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən panel sessiyasında bildirib.
Onun sözlərinə görə, Mərakeş mənzil probleminin miqyasını yaxşı dərk edir və mənzil siyasətini milli prioritetə çevirib.
"Ən vacib məsələ mənzil əldə etmək imkanının təmin edilməsinə diqqəti yetirməkdir. İnsanların mənzil əldə etmək imkanı olmadıqda, vətəndaşların aktiv ictimai həyatda tam iştirak etməsi üçün sabit şəraiti olmur", - o qeyd edib.
Benbrahim vurğulayıb ki, aşağı gəlirli vətəndaşlar üçün mənzil almaq ciddi maliyyə yükünə çevrilir, çünki onların gəlirlərinin əhəmiyyətli hissəsi məhz mənzil xərclərinə gedir. Onun sözlərinə görə, bu, insanlara gündəlik həyatın digər əsas ehtiyaclarını qarşılamağa imkan vermir.
O, həmçinin qeyd edib ki, bu gün hətta orta gəlirli vətəndaşlar belə gəlirlərinin çox böyük bir hissəsini mənzilə yönəltmək məcburiyyətində qalırlar, bu da onların təhsil və səhiyyə kimi sahələrdəki imkanlarını məhdudlaşdırır.
"Buna görə də biz mənzil məsələlərində sürətlə hərəkət etməliyik", - Mərakeş nümayəndəsi vurğulayıb.