IMG-LOGO

Piqott: Livan və İsrail arasında atəşkəs rejimi 45 gün uzadılıb

15 May 2026 23:00 2 baxış
IMG

Livan və İsrail arasında 16 apreldə tətbiq edilən atəşkəs rejimi 45 gün uzadılacaq.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott "X" sosial şəbəkəsində yazıb.

"ABŞ 14-15 may tarixlərində İsrail və Livan arasında iki günlük olduqca məhsuldar danışıqlara ev sahibliyi edib. 16 apreldə tətbiq edilən hərbi əməliyyatların dayandırılması gələcək irəliləyişi təmin etmək üçün 45 gün uzadılacaq. Dövlət Departamenti danışıqların siyasi xəttini 2 və 3 iyunda bərpa edəcək. Bundan əlavə, mayın 29-da Pentaqonda hər iki ölkənin hərbi nümayəndə heyətlərinin iştirakı ilə təhlükəsizlik xətti işə salınacaq", - o yazıb.

Dövlət Departamentinin nümayəndəsi bu müzakirələrin iki ölkə arasında möhkəm sülhün bərqərar olmasına, hər iki dövlətin suverenliyinin və ərazi bütövlüyünün tam tanınmasına, eləcə də onların ümumi sərhədi boyu əsl təhlükəsizliyin təmin edilməsinə kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

"Hizbullah" İsraili raket və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İran tərəfindən müharibəyə qoşulduqdan sonra İsrail Müdafiə Qüvvələri Livanın cənubuna və radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ Prezidenti Donald Tramp sonra atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Aprelin 14-də Vaşinqtonda ABŞ-nin himayəsi altında Livan-İsrail təmaslarının ilkin mərhələsi baş tutub. Orada atəşkəs razılaşmasının əldə edilməsi məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livan və İsrailin Birləşmiş Ştatlardakı səfirləri rəhbərlik ediblər.

Aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs rejiminin tətbiq olunması barədə razılığa gəldiyini bildirib.

Xəbər lenti