Bakı həqiqətən də keyfiyyətli və rahat ictimai məkanlar yaratmağa müvəffəq olmuş azsaylı şəhərlərdən biridir.
"Report" xəbər verir ki, bunu London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin elmi əməkdaşı Din Şarp Bakıda keçirilən "Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda beynəlxalq konfransın panel sessiyasında çıxışı zamanı bildirib.
Şarpın sözlərinə görə, Bakıya səfəri zamanı şəhər mühitinin təşkili onda xüsusi təəssürat yaradıb.
"Mənə dünyanın bir çox şəhərlərinə səfər etmək nəsib olub və deməliyəm ki, dünən sizin ictimai məkanlarınıza sözün əsl mənasında vuruldum: yaşıllaşdırma, uşaq zonaları, gənclərin və yaşlıların burada necə ünsiyyətdə olması, məkanların mütləq istehlak üçün deyil, sadəcə istirahət üçün necə təşkil edilməsi - hər yerdə skamyalar, insanların vaxt keçirməsi üçün yerlər var", - o qeyd edib.
Ekspert vurğulayıb ki, bu cür nəticə peşəkar şəhər planlaşdırmasının və müxtəlif strukturlar arasında səmərəli qarşılıqlı fəaliyyətin nəticəsidir.
Onun sözlərinə görə, rahat şəhər mühitinin yaradılması mütəxəssislərin, bələdiyyələrin, dövlətin və özəl sektorun əlaqələndirilmiş işini tələb edir.
"Buna nail olmaq son dərəcə çətindir. Dünyanın hər yerində bir çox müxtəlif şəhər mühitlərini görmək imkanım olmuşdu, ona görə deyə bilərəm ki, şəhərlərin çoxu bunun öhdəsindən gələ bilmir", - Şarp deyib.