Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatının finalında zədələr səbəbindən istədiyi kimi mübarizə apara bilməyib.
K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində gümüş medal qazanan idmançı "Report"a açıqlamasında yarışa yaxşı hazırlaşdığını deyib.
Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibi qitə birinciliyindən əvvəl çempionluğa kökləndiyini söyləyib:
"Qızıl medal qazanacağıma ümid edirdim. Sadəcə, bir az zədələrim oldu. Bu səbəbdən finalda istədiyim kimi mübarizə apara bilmədim. Son beş Avropa çempionatının finalında döyüşmüşəm. Üç dəfə gümüş medalla kifayətlənmişəm. İki dəfə isə çempionluq sevinci yaşamışam. Bu dəfə də qızıl medal qazanmağa çalışdım. Qismət olmadı. Növbəti Avropa çempionatında bunu əldə etmək ən böyük hədəfimdir".
İ.Xəlilov Avropa Taekvondo Birliyinin (European Taekwondo Union) 50 illik yubileyi münasibətilə xüsusi mükafatla təltif edilməsinə də toxunub:
"Belə mükafat almaq qürurvericidir. Bu cür mükafatlar bizdə məsuliyyəti daha da artırır".