IMG-LOGO

Şimali Makedoniyanın energetika naziri: Regionda heç bir ölkə enerji təhlükəsizliyini təkbaşına qura bilməz

15 May 2026 00:39 4 baxış
IMG

"Regionda heç bir ölkə enerji təhlükəsizliyini təkbaşına qura bilməz".

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Şimali Makedoniyanın energetika, mədən sənayesi və mineral ehtiyatlar naziri Sanya Bojinovska Afinada, keçirilən Enerji Keçidi Sammitində deyib.

Nazir bildirib ki, ölkəsi Avropanın enerji inteqrasiyasında etibarlı tərəfdaş olmağa sadiqdir: "Biz konstruktiv regional tərəfdaş, Avropanın enerji inteqrasiyasında etibarlı iştirakçı, Cənub-Şərqi Avropanın daha sabit, təhlükəsiz və dayanıqlı inkişafına töhfə verən ölkə olmağa sadiqik".

Sanya Bojinovskanın sözlərinə görə, son bir neçə ildə çox aydın şəkildə məlum olub ki, regionda heç bir ölkə enerji təhlükəsizliyini təkbaşına qura bilməz və heç bir keçid təhlükəsiz, qiymət baxımından əlçatan və investisiyalar üçün uyğun olmadıqca uğurlu ola bilməz:

"Ölkəm üçün bu, enerji təhlükəsizliyi, iqtisadi rəqabət qabiliyyəti və sosial sabitlik məsələsidir. Buna görə də bizim üçün 2030-cu il hədəflərinə nail olmaq üç məna daşıyır: təhlükəsizlik infrastrukturu kimi regional interkonnektorların qurulması, bərpa olunan enerji mənbələrinin şəbəkələr vasitəsilə inteqrasiyası, həmçinin keçidin əlçatan, sosial baxımdan ədalətli və investisiyalar üçün cəlbedici saxlanılması".

Nazir ölkəsinin energetika sahəsində əldə etdiyi nailiyyətləri sadalayaraq vurğulayıb ki, hazırda məqsəd ölkənin coğrafi mövqeyini üstünlüyə çevirməkdir:

"Yunanıstanla qaz interkonnektoru bunun əsas nümunəsidir. İlkin mərhələdə illik 1,2 milyard kubmetr ötürmə gücünə malik olan və 2,8 milyard kubmetrə qədər genişləndirilə bilən bu layihə ölkəmizin enerji sistemindəki mövqeyini dəyişir və bizi regional dəhlizin bir hissəsinə çevirir. Bu ona görə vacibdir ki, bu gün diversifikasiya yalnız daha çox təchizatçı demək deyil. Bu, daha çox marşrut, daha böyük çeviklik və daha yüksək dayanıqlılıq deməkdir".

Onun sözlərinə görə, Yunanıstanla əlaqə vasitəsilə Şimali Makedoniya regional qaz axınlarına, o cümlədən mayeləşdirilmiş təbii qaz infrastrukturuna çıxışını gücləndirir.

Xəbər lenti