IMG-LOGO

AYNA sədri: "Bakıda avtobusların hərəkətinə maneə yaradılmasa, intervalları qorumaq mümkündür"

14 May 2026 21:10 5 baxış
IMG

Əgər Bakıda şəhərində avtobusların hərəkətinə maneçilik törədilməsə, intervalların qorunması təmin oluna bilər.

Bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

"Avtobus zolaqları vacibdir və ictimai nəqliyyatın intervalını qorumaq lazımdır. Digər tərəfdən isə istəyirik ki, taksilər həmin zolaqlarda sərnişin minib-düşürə bilsin. Halbuki avtobusun intervalı 3 dəqiqədirsə, onun hətta 15–20 saniyə gözləməsi belə qrafikin pozulmasına səbəb ola bilər", - A.Rzayev bildirib.

O vurğulayıb ki, intervalların qorunması birbaşa avtobusların hərəkət şəraiti ilə bağlıdır: "Əgər avtobusların hərəkətinə maneə yaradılmasa, intervalları qorumaq mümkündür. Məhz buna görə avtobus zolaqları yaradılır və bu istiqamətdə işlər davam etdirilir. İlkin mərhələdə avtobus zolaqlarına münasibət birmənalı olmasa da, artıq şəhərdə formalaşmış avtobus zolaqları şəbəkəsi mövcuddur və avtobuslar həmin şəbəkə üzrə daha stabil hərəkət edə bilirlər. Hazırda avtobusların orta sürəti 17 km/saatdan 21-22 km/saata qədər yüksəlib. Bu, həm intervalların qorunmasına, həm də ümumi xidmət keyfiyyətinə müsbət təsir göstərir. Fürsətdən istifadə edib sürücülərə də çağırış etmək istərdim ki, avtobusların hərəkətinə mane olmasınlar və ictimai nəqliyyata yol versinlər. Çünki avtobusların hərəkəti sərbəst olduqda intervallar da daha rahat qorunur".

"AYNA MaaS" tətbiqi də məhz bu məqsədlə hazırlanıb. Əvvəllər intervalların qeyri-sabit olması səbəbindən tətbiqi tam istifadəyə vermək mümkün olmurdu. Hazırda isə sistemdən istifadə etmək mümkündür və tətbiqdə göstərilən məlumatlar birbaşa avtobusların GPS sistemi əsasında formalaşır.

A.Rzayev vurğulayıb ki, 2022-ci ilin sentyabrında Bakıda gündəlik xəttə çıxan avtobusların sayı 1 720 idi. Onların təxminən 550-si müasir avtobuslar, qalan hissəsi isə köhnə nəqliyyat vasitələri idi. Hazırda isə xəttə çıxan avtobusların sayı 2 350-yə çatıb:

"2022-ci ildə aparılan hesablamalar göstərirdi ki, bəzi marşrutlarda yüklənmə səviyyəsi 110–115 %-ə çatırdı. Bu isə o demək idi ki, müəyyən hallarda sərnişinlər avtobusa minə bilmirdilər. Hazırda bu göstərici təxminən 90 %-ə qədər enib".

Onun sözlərinə görə, Bakı şəhərində ictimai nəqliyyat sisteminin optimal fəaliyyəti üçün ümumilikdə 2 800-2 900 avtobusa ehtiyac var: "Əsas hədəf isə yüklənmə səviyyəsini 70 %-ə endirməkdir. Bu göstərici beynəlxalq praktikada psixoloji rahatlıq həddi hesab olunur. Çünki sərnişin avtobusu uzaqdan yarıboş gördükdə daha rahat şəkildə minməyə qərar verir. Yüklənmə 90 %-ə yaxın olduqda isə, hətta içəridə yer olsa belə, avtobus dolu təsiri bağışlayır".

A.Rzayev qeyd edib ki, bu il də avtobus parkının genişləndirilməsi nəzərdə tutulur və plan üzrə 2030-cu ilə qədər xəttə çıxan avtobusların sayı 2 800-ə çatdırılacaq: "Burada əsas məqamlardan biri keyfiyyət dəyişikliyidir. Əgər 2022-ci ildə şəhərdə cəmi 550 müasir avtobus var idisə, hazırda onların sayı 1 100-ə çatıb. Yəni həm avtobusların ümumi sayı artıb, həm də müasir nəqliyyat vasitələrinin payı yüksəlib".

Müsahibə ilə ətraflı bu link vasitəsilə tanış ola bilərsiniz.

Xəbər lenti