IMG-LOGO

İnklüziv və əlçatan şəhər mühitinin formalaşdırılması istiqamətində təşəbbüslər davam edir

14 May 2026 21:47 4 baxış
IMG

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası (AUC2026) çərçivəsində təşkil olunan "İmkanlar hər kəs üçün" sosial layihəsinin bağlanış mərasimi keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "X" sosial şəbəkə hesabında yayılıb.

"Layihənin tərəfdaşları olan dövlət və özəl müəssisələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, proqrama cəlb edilmiş əlilliyi olan gənclər iştirak ediblər". – məlumatda bildirilib.

Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov WUF13 proqramı və gündəliyindəki yeniliklərdən bəhs edib. O, yüksək səviyyəli dövlət rəsmilərinin, şəhərsalma liderlərinin iştirak edəcəyi bu forumda BMT və Azərbaycan hökuməti tərəfindən təşkil olunacaq xüsusi sessiya və dəyirmi masaların "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər" hədəfinə xidmət edəcəyini deyib.

"İmkanlar hər kəs üçün" layihəsinin də forumun prioritetlərinə uyğun olaraq şəhərsalmada inklüzivliyin təşviqini gücləndirdiyini qeyd edib.

Həmçinin əlçatan, təhlükəsiz və insanyönümlü şəhər mühitinin formalaşdırılmasının dayanıqlı şəhərsalma yanaşmalarının əsas istiqamətlərindən biri olduğu qeyd edilib.

Xəbər lenti