Son günlər dünyada hantavirusla bağlı xəbərlər geniş müzakirə olunarkən, bu dəfə Fransada norovirus şübhəsi səbəbindən "Kruiz" gəmisində fövqəladə vəziyyət yaranıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Fransanın Bordo Limanı limanına yan alan Ambition adlı "Kruiz" gəmisində bir sərnişinin ölümü və onlarla insanda simptomların aşkarlanmasından sonra 1700-dən çox sərnişin və ekipaj üzvü karantinə yerləşdirilib.
Məlumata görə, gəmi mayın 6-da Şetland adaları istiqamətindən yola çıxaraq Belfast, Liverpul və Brest limanlarına baş çəkdikdən sonra Bordo şəhərinə çatıb. Sərnişinlərin əksəriyyətinin Böyük Britaniya və İrlandiyadan olduğu bildirilir.
Fransa rəsmiləri 90 yaşlı bir sərnişinin gəmidə həyatını itirdiyini açıqlayıb. Bundan əlavə, təxminən 50 nəfərdə qusma və ishal kimi norovirus simptomları müşahidə olunub.
Mütəxəssislər bildirirlər ki, norovirus çox sürətlə yayılan və yüksək yoluxuculuğa malik mədə-bağırsaq infeksiyasıdır. Virus xüsusilə qapalı məkanlarda və insanların sıx toplandığı yerlərdə daha tez yayılır.
Hazırda səhiyyə əməkdaşları gəmidə yoxlamaları və karantin tədbirlərini davam etdirirlər. Bu səbəbdən gəminin planlaşdırılan İspaniya səfəri ilə bağlı da əlavə təhlükəsizlik tədbirləri görülür.
Hantavirus Norovirus